...

Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinə dövlət tərəfindən ayrılan vəsait 20 dəfə artıb - DSX rəisi

Siyasət Materials 7 Dekabr 2010 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın dəniz sərhədlərinin mühafizəsinə dövlət tərəfindən ayrılan vəsait 20 dəfə artıb. Bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev deyib.

"Azərbaycan sərhəd mühafizəsini öz hesabına tam təmin edir. Bizim kənardan hansısa yardıma ehtiyacımız yoxdur", - Quliyev bildirib.

DSX büdcəsinin artımının qarşıya qoyulan tapşırıqların icrasına imkan yaratdığını vurğulayan xidmət rəisi Azərbaycanın qonşu ölkələrlə, o cümlədən Türkiyə ilə sıx əməkdaşlıq etdiyini bildirib.

2010-cu ilin Azərbaycanın dövlət sərhədinin mühafizəsi baxımından çox əlamətdar olduğunu deyən Quliyev bildirib ki, bu il Rusiya ilə dövlət sərhədinin delimitasiyasına dair sənəd imzalanıb.

"Dövlət Sərhəd Xidməti qarşıya qoyulan tapşırıqların icrasını yüksək səviyyədə davam etdirir", - Quliyev qeyd edib.

Xidmət rəisi deyib ki, bu il ərzində 30-a yaxın sərhəd zastavası kompleksi açılıb, zabit ailələri üçün yaşayış evləri istifadəyə verilib. Xidmətin 400-ə yaxın zabiti xidməti yaşayış evləri ilə təmin olunub.

O qeyd edib ki, cənub, şimal, şimal-qərb sərhədlərinin zastavaları ən müasir texniki avadanlıqlarla təchiz olunub.

"DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin daha etibarlı qorunması təmin olunub", - DSX rəhbəri bildirib.

Quliyev bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsində Zuxuloba sərhəd zastavasının açılışında iştirak edib.

O, zastavada yaradılan şəraitlə tanış olub. Zabitlər üçün tikilən mənzillərə baş çəkib. Tədbirin sonunda xidmətdə fərqlənən sərhədçilərə hədiyyələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti