Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir S.Ağayeva/
Dekabrın 9-10-da Bakıda konsulluq məsələləri üzrə Belarus-Azərbaycan Xarici İşlər nazirliklərarası məsləhətləşmələr keçirilir.
Belarus nümayəndə heyətinə XİN-in Baş Konsulluq İdarəsinin rəisi Aleksandr Ostrovski başçılıq edir. Bu barədə Trend-ə cümə axşamı Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məsləhətləşmələr zamanı iki dövlətin konsulluq xidmətlərinin fəaliyyətinin təcrübəsi haqqında fikir mübadiləsi aparılacaq.
Konsulluq xidmətlərinin rəhbərləri iki ölkənin xarici vətəndaşların hüquqi vəziyyətini və vətəndaşlıq məsələlərini tənzimləyən milli qanunvericiliklərinə edilən dəyişikliklər haqqında informasiya mübadiləsi aparacaqlar.
Tərəflər iki dövlətin ərazisində müvəqqəti və ya daimi yaşayan vətəndaşlara konsulluq xidmətlərinin göstərilməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Görüşlərdə "Vətəndaşlıq, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın sənədlərin həqiqiliyinin tanınması ilə bağlı bəndlərinin praktiki tətbiqinə də diqqət yetiriləcək.