...

Elxan Nuriyev: "Münaqişənin nizamlanmasının nəticələri bir çox hallarda vasitəçilərin fəal səylərindən və ədalətli mövqelərindən asılıdır"

Siyasət Materials 15 Dekabr 2010 13:24 (UTC +04:00)

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyevin Trend-ə müsahibəsi

- Yola saldığımız 2010-cu il bu yaxınlarda Qazaxıstanda keçirilən ATƏT sammiti ilə yadda qalır. Bir çox tənqidçilərin sammitin yekunlarını tənqid etmələri fonunda Siz Astanadakı yüksək səviyyəli görüşləri necə şərh edərdiniz?

- Mahiyyət etibarilə, ATƏT-in Astana sammitində ilk dəfə olaraq BMT, Aİ, MDB, KTMT, NATO və ATƏT rəhbərlərinin bir meydanda görüşləri baş tutdu ki, bu da özlüyündə Şərqlə Qərb arasında münasibət balansının qorunub saxlandığını sübut edir. Digər tərəfdən hazırda Avrasiyanın geosiyasəti sürətlə dəyişir. Avrasiya məkanında geosiyasi dəyişikliklərin məntiqi "Avrotəhlükəsizlik" anlayışının sərhədlərinin genişlənməsindən ibarətdir. Ona görə də, Avropanın siyasi dairələrində bundan sonra "Mərkəzi Asiya və Cənubi Qafqaz"ı "qədim Avropa"dan ayırmadan Avrasiya məkanında təhlükəsizlikdən daha çox danışacaqlar. Bunlarla yanaşı, XXI əsrdə "təhlükəsizlik" terminin özünün mənası dəyişib, çünki prinsip etibarilə yeni risklər və sosial, iqtisadi, ekoloji və informasiya xarakterli çağırışlar meydana çıxıb.

Bu gün dünya birliyi nüfuzlu beynəlxalq strukturları, ilk növbədə ATƏT-i transmilli problemlərə daha ciddi diqqət ayırmağa çağırır. Eləcə də, burada söhbət regional münaqişələrdən, təcavüzkar separatizmdən, terrorizmdən gedir. Bu problemlərin həlli mexanizmləri ilk növbədə Astana sammitində müzakirə olunmalı və işlənib hazırlanmalı idi. Astanada yüksək səviyyəli görüşlər ATƏT-in əsas və keyfiyyətcə yeni qərarlar qəbul etməkdə müəyyən acizliyini nümayiş etdirdi. ATƏT-in 15 il ərzində onun bütün iştirakçıları üçün aktual ola biləcək ümumi gündəlik hazırlamaq qabiliyyətində olmaması Avropa siyasi elitasının bir hissəsinin yeni dövrün reallıq və çağırışlarının kifayət qədər yüksək səviyyədə anlamadığını sübut edir. Lakin yenə də hesab etmək olar ki, yekun sənədin razılaşdırılmış mətni ATƏT-də dolğun təşkilati təkamülün müəyyən çevrəsini əxz edir ki, bu da beynəlxalq strukturun sürətlə dəyişən dünyadakı çağırışlara operativ və effektiv reaksiya verməyə qadir olan təşkilata çevrilməsinə imkan verir. Bu məqsədin həyata keçirilməsi üçün ATƏT-ə ikili standartlardan uzaqlaşmaq və dövlətlərin nüfuz dairəsi və dünya hökmranlığı uğrunda köhnə dünya düzəninə xas olan rəqabətdən imtina etmsi vacibdir.

- 2010-cu ilə yekun vurarkən, yaxın gələcəkdə ATƏT-dən regional sülhyaratma fəaliyyəti planında nə gözləmək olar? Siz ATƏT sammiti çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qəbul edilən bəyanatı necə qiymətlədirirsiniz?

- "Soyuq müharibə"nin başa çatmasından sonra sülh danışıqlarında səmərəli vasitəçilik ümidləri və hamını qane edəcək siyasi nizamlanma haqqında gələcək sazişin şərtlərinin yerinə yetirilməsinə nəzarət məhz ATƏT-lə əlaqələndirildi. Lakin digər regional problemlərə yanaşmada olduğu kimi, Ermənistan-Azərbaycan probleminin nizamlanması məsələsində də beynəlxalq təşkilat kimi ATƏT-in siyasi siması minilliyin hüdudlarındakı dünya düzəninin bütün konvulsiyasını əks etdirir. Paradoksal olsa da, təəssüf ki, Qərb ekspertlərinin əksəriyyəti hələ ATƏT-in beynəlxalq demokratik cəmiyyətin səsinin ifadəçisi olmaqdan çox uzaq olduğunu qeyd edirlər. Baxmayaraq ki, o, insan haqlarının ayrı-ayrı dövlətlərin hüquqlarından yüksək olduğunu rəsmən bəyan edib. Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla müasir dövrün ən mühüm problemlərində ATƏT-in mövqeyi müəyyən zaman kəsiyində bir çox siyasi amillərin əvəzləyici qüvvəsi kimi təyin edilir.

ATƏT sammiti Dağlıq Qarabaq münaqişəsinin həllində dönüş olmadı, lakin sammitdə prezidentlərin verdikləri bəyanat müsbət istiqamət oldu. Bu bəyanat mühüm sənəddir, çünki o, 3+2 formatında qəbul edilib və Qarabağ münaqişəsinin həllində səylərin artırılmasının zəruriliyini göstərir. Bəyanat münaqişəsinin sülh yolu nizamlanmasını əsas məqsəd qoyur və beynəlxalq hüququn aliliyi prinsiplərini təsdiqləyir.

Qeyd etmək lazımdır ki, ATƏT-də həlledici rolu "iri dövlətlər" adlanan qrup oynayır, onların arasında öz növbəsində ABŞ və bütünlükdə götürülən Aİ ölkələri əsas yer tutur. Bilavasitə RF-yə toxunan məsələlərdə Rusiyanın səsi tutarlı səslənir. Ona görə də təsadüfi deyil ki, Astana sammiti çərçivəsində qəbul edilən bəyanatda həmsədr ölkələrin prezidentləri münaqişənin nizamlanması prosesində daha fəal olmağı öhdələrinə götürüblər.

- Bəs bu sənəd Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq atmosferinin qurulmasına nə dərəcədə kömək edəcək?

- Hamıya məlumdur ki, ATƏT-in bundan əvvəlki sammitlərindəki sənədlərdə öz əksini tapmış xoş niyyətlər təəssüf ki, həyata keçirilməyib. Bu, ondan xəbər verir ki, ATƏT hələ sabitliyin dəstəklənməsi və regional problemlərin ədalətli həllində beynəlxalq birliyin siyasi iradəsinin həyata keçirilməsinin effektiv mexanizminə çevrilməyib. Ümid etmək istərdik ki, ATƏT-in Astana sammitində qəbul edilən sənəd praktiki olaraq həyata keçiriləcək, ona görə ki, onlarla dövlətin və ümumilikdə beynəlxalq birliyin maraqlarına toxunan münaqişənin həlli ATƏT-ə üzv olan iri dövlətlərin imkanları nəzərə alınmaqla, realdır.

ATƏT-in Astana sammitində qəbul edilən bəyanat Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq atmosferinin qurulmasına o halda kömək edəcək ki, ATƏT-ə üzv olan iri dövlətlər və xüsusilə həmsədr ölkələr vahid ümumbəşəri əxlaqa əsaslanan siyasi iradə nümayiş etdirəcəklər və Ermənistanı öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa məcbur edə biləcəklər. ATƏT Ermənistanın Azərbaycana münasibətdə siyasətinin destruktiv vasitələrini nəzərə alaraq və müasir beynəlxalq təcrübədən istifadə edərək, BMT qarşısında "sülh prosesinin həyata keçirilməsi üçün tədbirlər" və ya "sülhə məcbur etmək üzrə tədbirlər"in qəbul edilməsi haqqında məsələ qaldıra bilər. Söhbət münaqişə təşəbbüskarı olan tərəfin razılığı olmadan, BMT beynəlxalq kontingenti çərçivəsində güc təsirlərinin humanitar aksiyası elementlərindən istifadə etməklə keçirilən sülhün bərpası və dəstəklənməsi üzrə beynəlxalq əməliyyatların təşkilindən gedir. Belə iradə və mənəvi nəticənin missiyası münaqişələrin qarşısının alınması və hüququn aliliyi prinsiplərinin təsdiqlənməsi olan ATƏT çərçivəsində yaradıla bilməsi obyektivdir.

- Nə üçün ATƏT-in Minsk qrupu münaqişənin nizamlanmasına nail ola bilmir? Minsk qrupunun demək olar, 20 illik az effektli fəaliyyətini nəzərə alaraq, Sizə elə gəlmirmi ki, bu format özünü doğrultmur?

-Əvvəla, Ermənistan tərəfdən problemin razılaşdırılması nöqteyi-nəzərindən və onun birgə həllinə keçiddə real irəliləyişlər yoxdur. Bununla yanaşı, danışıqlar prosesindəki durğunluğa səbəb Ermənistanın açıq-aşkar beynəlxalq təşkilatların istənilən sülh təşəbbüslərinə qarşı müqavimət göstərməsidir. İkincisi, beynəlxalq hüquq nöqteyi-nəzərindən xüsusi önəm kəsb edən və əsas aspektlərə toxunan digər səbəblər var. Əsas səbəblərdən biri ondan ibarətdir ki, iri dövlətlərin diplomatik səyləri daxil olmaqla, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi "mənfi" sülhün əldə olunmasına yönələn fəaliyyəti, daha doğrusu münaqişə zonasında hərbi və ya döyüş əməliyyatlarının bərpasının qarşısının alınması və ya yolverilməzliyini nəzərdə tutur. Lakin Dağlıq Qarabağda "mənfi" sülh yetərli deyil və o, yalnız ənənəvi diplomatiyanın, o cümlədən Minsk qrupunun hərdənbir yardım etdiyi iri siyasi prosesin yalnız bir hissəsidir ki, bu da müəyyən uğur əldə etməyə imkan vermir. "Müsbət" sülhün də mövcud olduğunu unutmaq olmaz. Lakin ona nail olmaq üçün Minsk qrupu çox təəssüf ki, heç nə etmir. 

"Müsbət" sülh dedikdə "mənfi" sülh proseslərinin qabağını almağa yönələn, münaqişə doğuran səbəb və şərtlərin aradan qaldırılması nəzərdə tutulur. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Minsk qrupu müstəqil institut deyil, daha doğrusu vasitəçilərin hərəkətləri həmsədr dövlətlər tərəfindən sanksiyalaşdırılır. Mahiyyət etibarilə, yarandığı gündən etibarən MQ Dağlıq Qarabağla birbaşa əlaqəsi olmayan, daha çox Cənubi Qafqazın müasir geosiyasətinin tədqiqi və araşdırılması ilə bağlı olan geosiyasi oyunların platforması olub. Görünür, həmsədr dövlətlər üçün beynəlxalq təşkilatlardan, indiki halda ATƏT MQ-dən istifadə etmək sərfəlidir. Ona görə ki, belə müasir tədbirlər müdaxiləyə görə ümumi məsiliyyətin bu ölkələrdən birinin müsbət və əməli ölçülər götürdüyü halda belə, onun üzərinə qoyulmasına deyil, bölüşdürülməsinə gətirib çıxarır.

Beləliklə, MQ simasında ənənəvi diplomatiya sazişi tezliklə əldə olunmasına nail olmaq üçün münaqişənin nizamlanmasında daha çox mənfi metodlardan istifadə edir ki, bu da "mənfi" sülhün əldə olunması ilə nəticələnir. Əgər belə mürəkkəb geosiyasi vəziyyətdə "müsbət" sülhə nail olunmazsa, onda "mənfi" sülh asanlıqla dağıla bilər ki, bu da onun əleyhinə yönəldiyi hərbi əməliyyatların dirçəlməsinə gətirib çıxaracaq. Bu proses kifayət qədər uzana bilər. Bu da artıq 16 ilə yaxın bir müddətdə kövrək "mənfi" sülhün saxlandığı Ermənistan-Azərbaycan nizamlanması problemi ətrafında vəziyyətin hazırda dalana dirəndiyini təsdiqləyir. Aydındır ki, əgər beynəlxalq birliklə qarşılıqlı fəaliyyət göstərən münaqişə tərəfləri "müsbət" sülhə nail ola bilməsələr, o zaman "mənfi" sülh təhlükəsi olacaq.

ATƏT MQ-nin fəaliyyətinin təhlili onun işinin yuxarıda göstərilən yanaşma ilə müəyyən olunduğunu təsdiqləməyə imkan verir. Heç kim vasitəçilərin rolunu azaltmağa və onların fəaliyyətinin nəticəsinin sıfıra endirməyə cəhd göstərmir. Heç kim beynəlxalq vasitəçilərin münaqişənin həlli üçün kifayət qədər inadlı cəhdlər göstərdiklərini inkar etmir. Lakin təəssüf ki, MQ ciddi səhvlər buraxıb, ona görə ki, lap əvvəldən nizamlanma probleminə düzgün yanaşmayaraq, təcavüzkarla zərərçəkən tərəf arasında balans yaratmağa cəhd edib.

Beynəlxalq praktikadan məlum olduğu kimi, münaqişənin nizamlanmasının nəticələri bir çox hallarda vasitəçilərin fəal səylərindən və ədalətli mövqelərindən, həmçinin onların qarşıdurmanın böyüməsinə və onun böyük mənfi nəticələrinə yol verməmək üçün hansı vasitələrə əl atmalarından asılıdır. Bugünki geosiyasi vəziyyət danışıqlar prosesinin davam etdirilməsini tələb edir və ölkəmiz hələ münaqişənin dinc yolla nizamlanması prinsipinə sadiq qalır. Lakin Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan xlqının səbri tükənməz deyil. Və ona görə də, zərurət yaranarsa, Azərbaycanın istənilən vaxt öz işğal olunmuş ərazilərinin azad etmək haqqı var.

Xəbər lenti

Xəbər lenti