...

Azərbaycan Parlamenti media müvəkkilinin səlahiyyətlərinin ombudsmana verilməsi barədə qanunu qəbul edib

Siyasət Materials 21 Dekabr 2010 13:56 (UTC +04:00)
Azərbaycanda ombudsmanın informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxma qaydaları "Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsində əks olunub.
Azərbaycan Parlamenti media müvəkkilinin səlahiyyətlərinin ombudsmana verilməsi barədə qanunu qəbul edib

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamenti informasiya müvəkkilinin səlahiyyətlərinin ombudsmana verilməsi barədə qanuna dəyişikliyi birinci oxunuşda qəbul edib.

Azərbaycanda ombudsmanın informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxma qaydaları "Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsində əks olunub.

Qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib.

Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

Ombudsmanın informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxmasının xüsusiyyətlərində bildirir ki, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır.

Həmçinin qanuna edilən əlavələrə əsasən, müvəkkilin fəaliyyətinə maneə törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.

"Qanuna edilən dəyişikliklər müasir dövrün tələblərinə cavab verəcək", - Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

Onun sözlərinə görə, zaman keçdikcə müasir dünyada qəbul olunan konvensiyaların Azərbaycanda tətbiqi bu təsisatın işində dəyişikliklərə səbəb olacaq və fəaliyyətinin genişlənməsinə gətirib çıxaracaq.

Milli Məclisin çərşənbə axşamı keçirdiyi iclasda bu qanuna dəyişikliklər və əlavələr qəbul olunub. İkinci səsvermə 6 aydan sonra keçiriləcək.

Qanuna əlavə və dəyişikliklərdə informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi nəzərdə tutulur.

Azərbaycanın Mətbuat Şurası media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsinə etiraz edir.

Xəbər lenti

Xəbər lenti