...

Azərbaycanda fərdi yaşayış evlərinin tikintisi ilə bağlı proseslər sadələşdiriləcək

Siyasət Materials 22 Dekabr 2010 09:00 (UTC +04:00)
Azərbaycanda layihəsi hazırlanan Tikinti və Şəhərsalma Məcəlləsində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı proseslər kifayət qədər sadələşdiriləcək.
Azərbaycanda fərdi yaşayış evlərinin tikintisi ilə bağlı proseslər sadələşdiriləcək

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda layihəsi hazırlanan Tikinti və Şəhərsalma Məcəlləsində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı proseslər kifayət qədər sadələşdiriləcək.

Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov çərşənbə axşamı Trend-ə bildirib ki, fərdi yaşayış evlərinin qısa vaxt ərzində rəsmiləşdirilməli və istifadəyə verilməli olduğunu nəzərə alaraq, prosedurlar sadələşdiriləcək, normativ qaydalar vətəndaşların tələblərinə uyğun hazırlanacaq.

Kərimov tikinti ilə bağlı prosedurların sadələşdirilməsi və bu sahəyə "bir pəncərə" sisteminin tətbiqi ilə bağlı müzakirələrin aparıldığını bildirib. Onun sözlərinə görə, müzakirələrin nəticəsindən asılı olaraq bu sistemin tətbiqinə qərar veriləcək.

Tikinti sahəsində "bir pəncərə" sisteminin tətbiqinin tərəfdarı olduğunu deyən Kərimov qeyd edib ki, bununla bağlı müxtəlif qurumların da münasibəti öyrəniləcək və yekun qərar qəbul olunacaq.

Milli Məclis rəsmisi qeyd edib ki, Azərbaycanda tikinti və şəhərsalma ilə bağlı münasibətləri tənzimləyən hüquqi baza çox zəif olduğundan, bu sahədə mükəmməl bir qanunun qəbul edilməsinə ehtiyac var.

Kərimov bildirib ki, məcəllənin tikinti ilə bağlı hissəsi tam hazırdır və yanvar ayında almaniyalı ekspertlərin Bakıya səfəri zamanı işçi qrupunun iclasında müzakirəyə çıxarılacaq. Şəhərsalma ilə bağlı hissənin isə ilkin variantı hazırlanıb və işçi qrupunun iclasında müzakirə olunacaq.

"Hesab edirəm ki, tikinti ilə bağlı hissənin işçi qrupunda son müzakirəsi aparılacaq. Çalışırıq ki, parlamentin yaz sessiyasının ortalarında məcəllənin layihəsini birinci oxunuşa təqdim edək", - şöbə müdirinin müavini vurğulayıb.

Kərimovun sözlərinə görə, ilkin olaraq hər iki sahə üzrə məcəllələrin ayrı-ayrı hazırlanıb qəbul olunması nəzərdə tutulsa da, sonradan hər iki layihənin birləşib vahid məcəllə şəklində qəbul qərara alınıb.

Xəbər lenti

Xəbər lenti