...

2010-cu ildə Azərbaycanın dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 11 min 33 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 Dekabr 2010 16:39 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
2010-cu ildə Azərbaycanın dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 11 min 33 nəfər saxlanılıb (ƏLAVƏ OLUNUB)

3-cü abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir K.Zərbalıyev/

Dövlət Sərhəd Xidmətinin 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

Trend-in məlumatına görə, çərşənbə günü keçirilən hesabat müşavirəsində bildirilib ki, 2010-cu ildə dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 11 min 33 nəfər saxlanılıb ki, bunların 369 nəfəri sərhəd pozucusu olub.

İl ərzində tutulan sərhəd pozucularının 29,3 faizi (76 halda 108 nəfər) Azərbaycandan müqabil ölkələrə keçərkən, 70,7 faizi (148 halda 261 nəfər) müqabil ölkələrdən Azərbaycana gələrkən saxlanılıb.

Sərhəd pozucularının 59,1 faizi Azərbaycan, 10,6 faizi İran, 8,9 faizi Gürcüstan, 4,9 faizi Rusiya, 4,6 faizi Banqladeş, 3,8 faizi Əfqanıstan, 3 faizi Pakistan, 5,1 faizi digər ölkə vətəndaşları olublar.

2010-cu ildə tutulan sərhəd pozucularının sayı 2009-cu illə müqayisədə 3,9 faiz artıb. Hesabat dövründə sərhəd naryadlarına qarşı 9 halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilib. Sərhəd pozucularına silah tətbiq edilərkən 3 sərhəd pozucusu zərərsizləşdirilib. İl ərzində 929 nəfər axtarışda olan şəxs tutulub. 2010-cu ildə 911 halda 5 milyon 684 min manat dəyərində qaçaqmal tutulub, 235 kq 670 qram narkotikin dövlət sərhədinə keçidinin qarşısı alınıb. Ümumi çəkisi 11 ton 51 kq olan 32 min 800 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 38, Rusiyaya məxsus 7 gəmiyə, Azərbaycana məxsus 206 kiçik həcmli motorlu qayığa baxış keçirilib. Onlardan Rusiyaya məxsus 3 gəmi, Azərbaycana məxsus 7 gəmi sərhəd rejimini pozduqlarına görə saxlanılıb.

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına tibbi maneə yaradan balıqovlama vasitələri - 554 min 645 metr tor və 71 min 340 ədəd qarmaq yığılıb.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində aparılan tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 9 nəfər şəxs barədə müvafiq tədbirlər görülüb, qanunsuz miqrasiya ilə məşğul olan 3 qrup, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Hesabat müşavirəsinin sonunda xidməti-döyüş fəaliyyətində ciddi nailiyyətlər əldə etmiş hərbi qulluqçular təltif edilib.

Xəbər lenti

Xəbər lenti