...

TASAM rəhbəri Azərbaycan deputatı ilə görüşüb

Siyasət Materials 23 Dekabr 2010 15:41 (UTC +04:00)
Oktyabrın 20-22-də TASAM-ın təşkil etdiyi Dünya Türk Forumunda millət vəkili Qənirə Paşayevanın da iştirak və çıxış etdiyini xatırladan Süleyman Şensoy forumda qəbul edilmiş və bütün türkdilli dövlətlərin və xalqların mənafeyinə xidmət edən yekun bəyannamədə öz əksini tapan məsələlərin həyata keçirilməsi istiqamətində gördükləri işlərdən danışıb.
TASAM rəhbəri Azərbaycan deputatı ilə görüşüb

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Bakıda səfərdə olan Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) rəhbəri Süleyman Şensoy millət vəkili, Azərbaycan-Türkiyə parlamertlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva ilə görüşüb.

Oktyabrın 20-22-də TASAM-ın təşkil etdiyi Dünya Türk Forumunda millət vəkili Qənirə Paşayevanın da iştirak və çıxış etdiyini xatırladan Süleyman Şensoy forumda qəbul edilmiş və bütün türkdilli dövlətlərin və xalqların mənafeyinə xidmət edən yekun bəyannamədə öz əksini tapan məsələlərin həyata keçirilməsi istiqamətində gördükləri işlərdən danışıb.

Paşayeva isə parlamentin dekabrın 21-də keçirilən iclasında türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısının bəyannaməsinin təsdiq edilməsi ilə yanaşı, qardaş Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin, həmçinin "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında" Birgə Bəyannamənin təsdiq edilməsinin iki ölkə arasında münasibətlərin və əməkdaşlığın daha da genişlənməsi və sürətlənməsi istiqamətində mühüm əhəmiyyətindən danışıb.

Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan Parlamentinin qardaş Türkiyə ilə münasibətlərin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər barədə də TASAM prezidentinə ətraflı məlumat verib.

Parlamentdə keçən görüş zamanı millət vəkili TürkPA Katibliyinin də məhz parlamentdə fəaliyyət göstərdiyini vurğulayaraq Azərbaycan dövlətinin türkdilli dövlətlərin və xalqların əməkdaşlığının genişləndirilməsinə, diasporlarımızın birgə fəaliyyətinə böyük önəm verdiyini vurğulayıb.

Azərbaycanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirən TASAM prezidenti Süleyman Şensoy Azərbaycanda keçirdiyi çoxsaylı görüşlərdən razı qaldığını və yaxın gələcəkdə Azərbaycanın müxtəlif qurumları ilə birgə tədbirlər və layihələr həyata keçirilməsi istiqamətində müzakirələr apardıqlarını və razılaşmalar əldə edildiyini bildirib.

O, yaxın zamanlarda Bakıda Azərbaycan qurumları ilə birgə tədbir keçirmək niyyətində olduqlarını və birgə əməkdaşlığın və fəaliyyətin vacibliyini vurğulayıb. Azərbaycan və Türkiyənin strateji mərkəzləri, qeyri-hökumət təşkilatları arasında da əməkdaşlığın genişlənməsinin çox vacib olduğunu vurğulayan millət vəkili TASAM prezidentinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir addım atmaması barədə də ətraflı məlumat verib.

Vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş tanıdılması, qondarma "erməni soyqırımı" yalanlarının qarşısının alınması istiqamətində iki ölkənin qeyri-hökumət təşkilatları, strateji araşdırmalar mərkəzlərinin birgə səylərini daha da artırması, qarşılıqlı əməkdaşlıq şəraitində birgə çalışmaları vacib və əhəmiyyətlidir.

İki ölkənin "beyin mərkəzləri" arasında elmi-tədqiqat sahəsində də müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Görüş zamanı bir sıra qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti