Fotoşəkillər əlavə olunub
Azərbaycan, Gəncə, 24 dekabr /Trend, müxbir V.Məmmədov/
Gəncə şəhərində cümə günü Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibəti ilə çəkisi 12 ton olan tort kəsilib.
Trend-in məlumatına görə, tortun uzunluğu 49 metr, çəkisi 12 tondur. Tortun hazırlanması üçün 2 ton un, 29 min yumurta, 350 litr süd, 350 kiloqram qatılaşdırılmış süd, 400 kiloqramadək qoz ləpəsi, 300 kq hind qozu, 370 kq kərə yağı, 30 kq duru yağ, 35 kq kakao, 65 kq şokolad, 380 kq krem, 400 kq karamel sərf olunub.
Hazırlanan tortun üzərində Azərbaycan Respublikasının gerbi, Gəncənin atributları, tarixi və müasir memarlıq abidələri əks olunub. Prezidentin ad günü münasibəti ilə təşkil edilmiş tədbirdə iştirak edən şəhər rəhbərliyi tərəfindən tort kəsilib. Tort tədbirə qatılmış şəhər sakinlərinə paylanılıb.
Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.