...

Azərbaycan daxili işlər naziri və Türkiyə Jandarm Qüvvələrinin baş komandanı ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Siyasət Materials 18 Yanvar 2011 16:11 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyənin Jandarm Qüvvələrinin baş komandanı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan daxili işlər naziri və Türkiyə Jandarm Qüvvələrinin baş komandanı ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyənin Jandarm Qüvvələrinin baş komandanı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, nazir iki dost və qardaş ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələri, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımı, Jandarm Baş Komandanlığının və Daxili Qoşunlar Baş İdarəsinin əməkdaşlığına dair 1997-ci il 31 oktyabr tarixli hökumətlərarası Protokola uyğun olaraq bu sahədə xeyli iş görüldüyünü xatırladıb.

Həmçinin, Qala qəsəbəsində tikilib istifadəyə verilmiş Daxili Qoşunların Tədris Mərkəzinin işi barədə ətraflı məlumat verilib.

Nazir müstəqillik əldə etdikdən sonra ölkəmizin qazandığı ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkib, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" siyasətinin bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirildiyini xatırlayıb.

Daxili işlər naziri Türkiyə Jandarm Qüvvələri baş komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına daha müsbət təsir göstərəcəyinə, iki qardaş dövlətin müvafiq qurumlarının əməkdaşlığının potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Necdət Özəl Azərbaycana səfərindən məmnunluq duyduğunu bildirib, müvafiq qurumlar arasındakı faydalı iş birliyini yüksək qiymətləndirib, ulu öndər Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" fikrini xatırladaraq, ordumuzun, daxili qoşunlarımızın inkişafı üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini qeyd edib.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç, daxili işlər nazirinin müavinləri Vilayət Eyvazov, Əsgər Ələkbərov, Zakir Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti