...

Azərbaycan Parlamentində Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin qəbulu müzakirə olunacaq

Siyasət Materials 21 Yanvar 2011 13:34 (UTC +04:00)
Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş Azərbaycan Parlamentinin plenar iclasına tövsiyə olunub.
Azərbaycan Parlamentində Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin qəbulu müzakirə olunacaq

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentində Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin qəbulu müzakirə olunacaq.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi cümə günü keçirilən iclasında ötən il noyabrın 18-də Bakıda imzalanan Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişi və beş Xəzəryanı ölkənin dövlət başçılarının Birgə Bəyannaməsini təsdiq olunması üçün Parlamentin plenar iclasına tövsiyə edib. Bu barədə cümə günü Trend-ə komitənin üzvü, deputat Zahid Oruc bildirib.

Millət vəkilinin sözlərinə görə, Xəzərin statusunun müəyyənləşməməsinə baxmayaraq, təhlükəsizlik sahəsində əməkdaşlıq statusun gələcəkdə qəbulu üçün ən mühüm addımlardan biri sayıla bilər. "Azərbaycan Xəzər dənizində təhlükəsizliyin bərqərar olmasını istəyir. Hazırda Xəzərdə hüquqi münasibətlərin mövcud olmadığından istifadə edərək, kimlərsə dənizi regional problemlərin predmetinə çevirməyə çalışır", - millət vəkili bildirib.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyası imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Təhlükəsizlik və müdafiə komitəsinin cümə günü keçirilən iclasında, həmçinin Azərbaycan və Qazaxıstan hökumətləri arasında mülki müdafiə və fövqəladə halların qarşısının alınması ilə bağlı birgə saziş layihəsi müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti