Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədov, icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı və Milli Məclisin üzvü Asəf Hacıyevdən ibarət YAP nümayəndə heyətinin Rumıniyaya səfəri başlayıb.
Azərbaycanın Rumlniyadakı Səfirliyindən cümə axşamı Trend0ə bildiriblər ki, iki ölkənin hakim partiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Rumıniyanın Demokrat Liberal Partiyasının (PDL) dəvətinə əsasən həyata keçirilən bu səfər əsnasında YAP və PDL arasında "Əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması nəzərdə tutulub.
Səfər proqramına fevralın 16-da Buxarestdəki Tey Parkı, Heydər Əliyev xiyabanında ümummilli liderin büstü qarşısına əklil qoyulması ilə başlayan nümayəndə heyəti həmin gün Rumıniya Nazirlər Kabinetində, baş nazir, Demokrat Liberal Partiyasının sədri Emil Bok tərəfindən qəbul olunub. Görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnuniyyət hissi ifadə olunub, partiyalar arasında əlaqələrin ikitərəfli münasibətlərə yeni təkan verəcəyi vurğulanıb. Söhbət zamanı strateji tərəfdaşlıq səviyyəsinə çatmış Azərbaycan-Rumıniya əlaqələrinin yüksələn xətlə inkişafı qeyd olunmuş, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Rumıniyaya, Rumıniya prezidenti cənab Tırayan Baseskunun Azərbaycana səfərlərinin nəticəsində iki ölkə arasında münasibətlərin daha da genişlənməsi üçün etibarlı zəmin yarandığı nəzərə çatdırılıb.
Rumıniyanın baş naziri Emil Bok bildirib ki, onun ölkəsi Azərbaycanla bütün sahələrdə əməkdaşlğın tərəfdarı olmaqla yanaşı, Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə dair ədalətli mövqeyini həmişə müdafiə etmiş və edəcəkdir. YAP sədrinin müavini - icra katibi Ə.Əhmədov ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd etmiş, PDL nümayəndə heyətini Azərbaycana səfərə dəvət etmişdir. Baş nazir E.Bok dəvəti qəbul edərək yaxın gələcəkdə PDL nümayəndə heyətinin ölkəmizi ziyarət edəcəyini bildirmişdir.
Həmin gün Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Buxarest şəhəri 2-ci sektorunun meri Nekulay Ontsanu və Rumıniya ziyalılarından ibarət bir qrup ilə görüşmüşlər. Görüşdə Rumıniya Akademiyasının vitse-prezidenti Marius Sala, Rumıniyanın Tərəqqisi Naminə Partiyasının fəxri sədri, keçmiş ədliyyə və xarici işlər naziri Kristian Diakonesku, Buxarest Yazıçılar Birliyinin sədri Horia Qırbya, və digər şəxslər iştirak etmişlər. Görüşdə Buxarest şəhəri 2-ci sektoru və Bakı şəhəri Səbail rayonu arasında yüksək dinamikaya sahib olan ikitərəfli münasibətlərdən bəhs olunmuş, ümummilli lider Heydər Əliyevin abidəsinin məhz bu sektorun ərazisində yerləşməsi faktı xüsusilə qeyd edilmişdir. Həmçinin, bildirilmişdir ki, xalqlarımız arasında əlaqələrin durmadan inkişaf etməsi bütövlükdə sülh, sabitlik, iqtisadi rifaha xidmət edir. Mer N.Ontsanu Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin də bu sektorun ərazisində fəaliyyət göstərdiyini vurğulayaraq, həmin təşkilatın həyata keçirdiyi geniş humanitar və xeyriyyə işlərindən bəhs etmiş, Azərbaycana səfəri zamanı müşahidə etdiyi böyük quruculuq işlərinin və inkişafın onda dərin təəssürat buraxdığını əlavə etmişdir.