Azərbaycan, Bakı, 26 fevral/Trend, müxbir E.Tariverdiyeva/
Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır, ölkələr arasında siyasi, iqtisadi münasibətlər strateji əməkdaşlığa uyğun inkişaf edir və çox yaxşı səviyyədədir. Bu barədə Trend-ə msüsahibədə Gürcüstanın Azərbaycana yeni təyin edilən səfiri Teymuraz Şaraşenidze deyib.
"Fəaliyyətimin prioriteti bütü sahələrdə bizim tərəfdaş münasibətlərimizin saxlanılması, gələcək inkişafı və dərinləşdirilməsi olacaq", - o qeyd edib.
Şaraşenidze 1996-cı ildən, Ankaradakı səfirlikdə birinci katib işləməyə başlayandan diplomatik xidmətdədir. Sonradan Gürcüstanın İstanbuldakı birinci baş konsulu işləyib. 2004-cü ildən 2008-ci ilədək Gürcüstanın Bolqarıstandakı səfiri kimi çalışıb, sonradan XİN-ə qayıdaraq, Gürcüstan Xarici İşlər Nazirliyi yanında xüsusi əhəmiyyətli tapşırıqlar üzrə səfir işləyib. Bundan sonra yenidən İstanbula baş konsul göndərilib, daha sonra isə Gürcüstanın Azərbaycandakı səfiri təyin edilib.
Gürcüstan Prezidentinin səfəri
Səfirin sözlərinə görə, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin Azərbaycana səfərinin ilkin müddəti artıq razılaşdırılıb. Bu, cari ilin ikinci-üçüncü rübüdür, - səfir bildirib.
"Yüksək səviyyəli danışqıların əsas məsələsi GUAM, ATƏT, "Şərq tərəfdaşlığı"nın çoxtərəfli formatında ikitərəfli regional əməkdaşlıq məsələləri olacaq", - Şaraşenidze vurğulayıb. -
Danışıqların mövzusu energetika, nəqliyyat, turizm, enerji təhlükəsizliyi sahələrində ikitərəfli əməkdaşlıq məsələləri və regionun təhülkəsizlik məsələsi də olacaq.
Onun sözlərinə görə, prezidentin səfəri zamanı iki ölkə əməkdaşlığının bütün sahələri - siyasət, iqtisadiyyat, humanitar əməkdaşlıq əhatə olunacaq.
"Prezidentlərimiz tez-tez görüşür və bu, Gürcüstan-Azərbaycan münasibətlərinin müsbət məqamıdır", - o qeyd edib.
Cənubi Qafqazdakı münaqişələr
Gürcüstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ ətrafında münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun dinc yolla nizamlanmasına tərəfdardır, - səfir deyib.
"Biz həmçinin Azərbaycan tərəfinə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tanıdığına görə minnətdarıq. Dövlətlərimizin siyasətinin prioritet məsələsi ərazi münaqişələrinin həllidir", - Şaraşenidze vurğulayıb.
2010-cu il noyabrın 23-də Gürcüstan öz ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası məqsədilə güc tətbiq etməmək haqqında öhdəlik götürüb, - səfir bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi cavab addımı atmalıdır və Gürcüstana qarşı güc tətbiq etməmək haqqında öhdəlik götürməlidir.
"Əslində işğal edilmiş ərazilərdə Rusiya silahlanmanı artırır, tam hərbiləşdirmə gedir və Gürcüstanın iki rayonu - Abxaziya və Tsxinvali regionu böyük hərbi bazalara çevrilib. Bu, 12 sentyabr 2008-ci il tarixli Saakaşvili-Sarkozi-Medvedevin imzaladığı atəşkəs haqqında müqaviləyə ziddiyyət təşkil edir", - Şaraşenidze bildirib.
Səfirin sözlərinə görə, beynəlxalq ictimaiyyət Rusiyanı cüc tətbiq etməmək haqqında öhdəlik götürməsinə fəal surətdə çağırmalıdır.
"Belə olmasa, regionda təhlükəsizlik və sabitlik problemli olacaq", - o əlavə edib.
"Şərq tərəfdaşlığı"
Şaraşenidzenin sözlərinə görə, "Şərq tərəfdaşlığı"nın gələcək inkişafında həlledici rol oynayan Avropa Qonşuluğu siyasətinə yenidən baxılması prosesini vaxtında irəli sürülmüş təşəbbüs hesab edir.
O deyib ki, Gürcüstan bu prosesdə fəal iştirak edir və artıq Aİ ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər imzalayıb.
Səfirin sözlərinə görə, bu sazişlərin effektiv reallaşdırılması viza rejiminin "Şərq tərəfdaşlığı"nda nəzərdə tutulan mərhələli liberallaşdırılmasına kömək edəcək.
"Gürcüstan və Aİ qüvvəyə minənədək artıq tətbiq olunan vahid aviasiya məkanı haqqında saziş imzalayıblar, - o deyib, - Yaxın vaxtlarda biz həm də Aİ ilə coğrafi işarələrin, kənd təsərrüfatı məhsullarının və başqa qida məhsullarının qarşılıqlı müdafiəsi haqqında razılaşmanın imzalamasını gözləyirik".
Şaraşenidze bildirib ki, Aİ ilə Gürcüstan arasında assosiasiya haqqında danışıqlara artıq başlanılıb və onlar tamamilə müsbət keçir.
"Gürcüstanın uzunmüddətli strateji məqsədi Aİ-yə tam inteqrasiyadır. Ortamüddətli perspektivdə isə Tbilisi dörd hərəkət azadlığından tam istifadəni gözləyir: mallar, kapitallar, xidmətlər və insanlar", - o deyib.
Şaraşenidzenin sözlərinə görə, Gürcüstan yuxarıda göstərilən nailiyyətlərdən çıxış edərək Azərbaycanla ikitərəfli əməkdaşlıq formatında energetika, nəqliyyat, turizm, ekologiya sahələrində birgə layihələri mümkün hesab edir.
"Bu əməkdaşlıq "Şərq tərəfdaşlığı" çərçivəsində həyata keçirilə biləcək birgə layihələrin işlənməsi üçün konkret istiqamətləri müəyyən etməlidir. Latviyanın təşəbbüsü ilə Gürcüstan həmçinin "Şərq tərəfdaşlığı" çərçivəsində həyata keçirilməsi məqsədilə milli coğrafi informasiya sisteminin yaradılması layihəsini də nəzərdən keçirir. Bu böyük əhəmiyyətə malik olan maraqlı layihədir və Azərbaycanla birgə həyata keçirilə bilər", - o deyib.
Səfirin sözlərinə görə, Gürcüstan Milli Muzeyi ilə Azərbaycanın müvafiq strukturları (Arxeologiya və Etnoqrafiya Muzeyi, Azərbaycan Dövlət Xalça Muzeyi, Qobustan Tarixi-Arxeoloji Milli Qoruğu, Xəzər Enerji Mərkəzi-BP terminalı ərazisində Səngəçal Sərgi Mərkəzi) "Neft kəmərləri arealında mədəni irs abidələri" mövzusunda əməkdaşlığa başlayıb. Şaraşenidze bildirib ki, bu əməkdaşlıq "Şərq tərəfdaşlığı" çərçivəsində həyata keçirilməsi məqsədilə birgə layihənin işlənməsi üçün konkret istiqamətləri müəyyən etmək potensialına malikdir.