Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan və Sloveniya arasında müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
Trend-in məlumatına görə, sazişin imzalanması martın 2-də Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yeluşiçinin (Ljubica Jelusic) Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda rəsmi səfərdə olan Sloveniyanın müdafiə naziri xanım Lyubitsa Yelusiçinin Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.
Sloveniyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Görüş zamanı sloveniyalı həmkarı ilə hərbi əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparan müdafiə naziri Səfər Əbiyev bölgədə mövcud hərbi-siyasi vəziyyəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemləri onun diqqətinə çatdırıb. O qeyd edib ki, münaqişənin dinc şəkildə həll olunmasına maneəçilik törədən işğalçı Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmək istəmir.
"Bu zaman ərazilərini azad etmək üçün Azərbaycannın öz suveren hüquqlarından istifadə etməsi qaçılmaz olacaqdır ki, bu da bütövlükdə regionda daha gərgin vəziyyətin yaranmasına rəvac verəcək".