...

Leyla Əliyeva: Bu gün həyata keçirilən siyasət dövlətimizin güclənməsinə, Azərbaycanın vətənpərvər vətəndaşların olmasına hesablanıb

Siyasət Materials 12 Mart 2011 22:21 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva martın 11-də Strasburqda keçirilən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun iştirakçılarına təbrik məktubu göndərib.
Leyla Əliyeva: Bu gün həyata keçirilən siyasət dövlətimizin güclənməsinə, Azərbaycanın vətənpərvər vətəndaşların olmasına hesablanıb

Azərbaycan, Bakı, 12 mart /Trend/

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva martın 11-də Strasburqda keçirilən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun iştirakçılarına təbrik məktubu göndərib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Forumun iştirakçılarını dövlət müstəqilliyimizin bərpasının 20 illiyi münasibətilə təbrik edən Leyla Əliyeva gənclərə təhsildə və Azərbaycan naminə gördüyü işlərdə uğurlar arzulayıb.

Təbrikdə deyilir ki, Avropanın siyasi mərkəzi Strasburqda - Avropa Şurasının binasında keçirilən ilk forum mühüm ictimai-siyasi hadisədir. Azərbaycan həqiqətlərinin Avropa məkanında təbliği, müxtəlif ölkələrdə təhsil alan gənclərimizin vahid platforma ətrafında ünsiyyətdə olması, Azərbaycanın gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılması olduqca əhəmiyyətlidir. Sevindirici haldır ki, gənclərimiz Vətənimizdə olduğu kimi, təhsil aldıqları ölkələrdə də təşkilatlanır və bu ənənə getdikcə daha peşəkar səviyyəyə keçməklə, vətəndaş cəmiyyətinin inkişafına münbit şərait yaradır.

"Hələ XX əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə SSRİ məkanında və keçmiş sosialist düşərgəsinə aid olan xarici dövlətlərdə azərbaycanlı tələbələrin təhsil almağa göndərilməsinin geniş vüsət aldığının xüsusi vurğulandığı məktubda bildirilir ki, bu gün də gənclərin xarici ölkələrdə təhsil almağa göndərilməsi dövlətimizin diqqət mərkəzindədir. Son illər gənclər beynəlxalq proqramlar əsasında xarici ölkələrdə oxumağa gedirdilərsə, artıq bu iş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" vasitəsilə tənzimlənir. Bir sözlə, Azərbaycan dövləti öz gənclərinin dünyanın aparıcı ali məktəblərində təhsil almasını stimullaşdırır.

Hazırda doğma Vətənimiz Azərbaycan öz tarixinin şanlı səhifələrindən birini yaşayır. Bu gün həyata keçirilən siyasət dövlətimizin güclənməsinə, dünyada rəqabətədavamlı iqtisadiyyatın formalaşmasına, geosiyasi münasibətlərdə Azərbaycanın müstəqil subyekt kimi tanınmasına, vətənpərvər və güclü vətəndaşların olmasına hesablanıb" təbrikdə qeyd olunub.

Müraciət bu fikirlə bitir: "Əziz dostlar! Müxtəlif ölkələrdə təhsil alıb Vətənə dönmək, onun daha da inkişaf etməsi, dünyanın qabaqcıl texnologiyasının həyatın bütün sahələrinə tətbiq edilməsi, müstəqil dövlətimizin daimi olmasının gələcəkdə təmin edilməsi biz gənclərin üzərinə böyük vəzifələr qoyur. Beynəlxalq siyasi təşkilatlar, eyni zamanda, tələbə və gənclər təşkilatları ilə əməkdaşlıq əlaqələrini genişləndirmək, həmin təşkilatlarda təmsil olunmaq, gənclərin təcrübə keçməsini təmin etmək, Avropada baş verən hadisələri yaxından izləyib Azərbaycanın maraqları çərçivəsində birgə və çevik hərəkət etmək əsas hədəfimiz olmalıdır".

Xəbər lenti

Xəbər lenti