...

Yaponiyada Azərbaycan vətəndaşlarından heç biri zərər çəkməyib - səfir

Siyasət Materials 14 Mart 2011 11:30 (UTC +04:00)
Yaponiyadakı zəlzələ zamanı soydaşlarımızdan heç biri zərər çəkməyib. Bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib.
Yaponiyada Azərbaycan vətəndaşlarından heç biri zərər çəkməyib - səfir

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir S.Ağayeva/

Yaponiyadakı zəlzələ zamanı soydaşlarımızdan heç biri zərər çəkməyib. Bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib.

"Biz həm Tokioda, həm də Yaponiyanın başqa şəhərlərində yaşayan bütün soydaşlarımızla əlaqə yaratdıq, onlardan heç biri zəlzələ və sunamidən zərər çəkməyib", - bazar ertəsi Trend-ə Azərbaycanın Yaponiyadakı səfiri Azər Hüseyn bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə vəziyyət normallaşır, diplomatik missiyanın əməkdaşları müntəzəm olaraq ölkədə yaşayan azərbaycanlılarla əlaqə saxlayırlar, hər şey qaydasındadır və onlardan heç biri ölkəni tərk etmək istəmir.

Səfirin sözlərinə görə, Yaponiyada 50-dən çox Azərbaycan vətəndaşı müvəqqəti yaşayır və təhsil alır. Onlardan 30-a yaxını Tokioda, digərləri isə başqa şəhərlərdə yaşayır.

Martın 11-də Yaponiyada 9,0 bal gücündə zəlzələ baş verib, o, hündürlüyü on metrdən çox olan sunami yaradıb.Zəlzələnin episentri paytaxt Tokiodan 373 kilometr şimal-şərqdə baş verib, onun ocağı yerin 24 kilometr dərinliyində yerləşib. Tezliklə elə həmin rayonda gücü 6,0- baldan yuxarı olan daha bir neçə güclü yeraltı təkan qeydə alınıb.

Bir neçə prefekturada sunami evləri və yollarda olan maşınları yuyub aparıb. Nəhəng dalğalar çölləri və yolları örtüb, binalar və tikililər dağılıb. Ölkənin xeyli hissəsində yerüstü və hava nəqliyyatı pozulub.

Yaponiyadakı zəlzələ və sunami nəticəsində həlak olan və itkin düşənlərin sayı 4,5 min nəfəri ötür. Bu barədə "Kiodo" agentliyi xəbər verir.

Xəbər lenti

Xəbər lenti