...

Moskvada Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası keçirilib

Siyasət Materials 18 Mart 2011 19:45 (UTC +04:00)
Cümə günü Moskvada Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 13-cü iclası keçirilib.
Moskvada Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası keçirilib

Rusiya, Moskva, 18 mart /Trend, müxbir İ.Bragina/

Cümə günü Moskvada Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 13-cü iclası keçirilib.

Rusiya nümayəndə heyətinə Baş nazirin müavini, prezidentin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin, Azərbaycan nümayəndə heyətinə isə Baş nazirin müavini Yaqub Eyyubov başçılıq edib. Komissiyanın iclasında Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın vəziyyəti və əsas istiqamətləri, onun perspektivlərinin müəyyənləşdirilməsi müzakirə edilib.

Komissiyanın iclasında tərəflər 12-ci iclasda qəbul edilən qərarların yerinə yetirilməsi, nəqliyyat, rabitə və informasiya texnologiyaları, fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində məsələləri də müzakirə ediblər. Hökumətlərarası komissiyanın iclası zamanı əsas məsələlərdən biri Rusiya Federasiyası subyektlərinin Azərbaycan ilə sərhədyanı regional əməkdaşlığının inkişafı olub.

"Əvvəlki iclasdan indiyə qədər çox şey edilib, lakin münasibətlərin potensialı müqayisəedilməz dərəcədə böyükdür və biz buna səy göstərməliyik", - Xloponin iclasdan sonra mətbuat konfransında deyib.

Azərbaycanlı həmsədr Eyyubovun sözlərinə görə, Azərbaycan əlaqələrin möhkəmləndirilməsi üçün Rusiyanı həmişə prioritet istiqamət hesab edib. "Rusiya bizm başlıca iqtisadi tərəfdaşımızdır. Ölkələrimiz arasında həll edilə bilməyən problem yoxdur", - Baş nazirin müavini qeyd edib.

İclasda turizm, əmək mqirasiyası, gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlərin layihələri, eləcə də Xəzər dənizində axtarış və xilasetmə, Ümumrusiya sərgi mərkəzində Azərbaycanın daimi fəaliyyət göstərən sərgisi, Azərbaycan və Rusiyanın enerji sistemlərinin paralel işinin təmini üzrə tədbirlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti