...

Macarıstan Prezidenti Azərbaycana ilk səfərini edəcək

Siyasət Materials 29 Mart 2011 13:55 (UTC +04:00)
Macarıstan Prezidenti Pal Şmitt Azərbaycana səfər edəcək. Səfər ilin ikinci yarısına planlaşdırılıb.
Macarıstan Prezidenti Azərbaycana ilk səfərini edəcək

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir S.Ağayeva/

Macarıstan Prezidenti Pal Şmitt Azərbaycana səfər edəcək. Səfər ilin ikinci yarısına planlaşdırılıb. Bu barədə çərşənbə axşamı Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora məlumat verib.

Tərəflər artıq diplomatik kanallar vasitəsilə səfərin hazırlığına başlayıblar.

Bu, Macarıstan Prezidentinin Azərbaycana ilk səfəridir. Səfər zamanı ikitərəfli və regional əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi planlaşdırılıb.

Danışıqlar zamanı Macarıstanın yanvar ayından sədrlik etdiyi Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının inkişafı məsələlərinin də diqqət mərkəzində olacağı gözlənilir.

Macarıstan Aİ-yə qoşulduğu vaxtdan ilk dəfə olaraq 2011-ci ilin birinci yarısından Brüsseldə Nazirlər Şurasına sədrliyi öz üzərinə götürüb.

Macarıstan Mehriban Qonşuluğun Şərq ölçülərinin möhkəmləndirilməsini prioritet vəzifələrdən biri seçib. Macarıstan bu proqram çərçivəsində 2011-ci ilin mayında ikinci "Şərq tərəfdaşlığı" sammitinə rəhbərlik edəcək.

"Şərq tərəfdaşlığı" proqramı Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi əlaqələrinin yaxşılaşdırılmasına yönəldilib.

Proqram Aİ-yə üzvlük imkanını deyil, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonalarının tətbiqini nəzərdə tutur. Tələbə mübadiləsi, ətraf mühitin qorunması, enerji təchizatı üzrə kiçik layihələr də həyata keçiriləcək.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə ölkə ilə Macarıstan arasında ticarət dövriyyəsi 14,3 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti