...

Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkədir - azərbaycanlı deputat

Siyasət Materials 12 Aprel 2011 20:31 (UTC +04:00)
Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkə kimi, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir.
Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkədir - azərbaycanlı deputat

Fransa, Strasburq, 12 aprel /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkə kimi, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Trend-in məlumatına görə, bunu AŞPA-nın yaz sessiyasının ikinci iş günündə lüksemburqlu deputat xanım An Brasör (Anne Brasseur) tərəfindən hazırlanmış "Mədəniyyətlərarası dialoqun dinlərarası dialoq müstəvisi" adlı hesabat ətrafında aparılan müzakirələr zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Millət vəkili dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalmasının ciddi narahatçılıq yaratdığını qeyd edib.

"Avropa məkanında və ümumiyyətlə, dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması bizi ciddi narahat etməlidir. Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq. Doğrudur, bu istiqamətdə din xadimlərinin, dini icmaların üzərinə çox böyük yük düşür. Amma siyasətçilərin, medianın, qeyri-hökumət təşkilatlarının da məsuliyyəti böyükdür. Məsələn, elə Avropa məkanını götürsək, görərik ki, bəzi ölkələrdə bəzi siyasətçilərin, siyasi partiyaların bəyanat və açıqlamaları insanlar arasında dözümsüzlüyü, ksenofobiyanı artırır. Bu prosesi dünyanın müxtəlif bölgələrində də müşahidə edə bilərik. Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır", - Paşayeva deyib.

Deputat mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun hazırda dünyada ən aktual mövzulardan biri olduğunu bildirib.

"Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxsaylı konfranslar, forumlar keçirilir, ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar olsun ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır. Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin sayı artır. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - "Qurani-Kərim"i oda atıb yandırdı. Harada və kim tərəfindən törədilməsinə baxmayaraq, biz bu cür halları, müqəddəs dini kitabların yandırılmasını, təhqir edilməsini qətiyyətlə pisləməliyik. Bir radikallıq başqa bir radikallığa səbəb oldu. Unutmamalıyıq ki, müxtəlif dinlərdə bir Tanrıya dua edirik. Ona görə də, müxtəlif dinlərə və etnik qruplara məxsus insanların biri-birinə sadəcə dözümlü yanaşması, tolerantlıq göstərməsi kifayət deyil, dünyanın gələcəyi üçün biz onların biri-birinə hörmət etməsi üçün çalışmalıyıq. Mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyini böyüyən uşaqlarımıza ailədən, məktəbdən başlayaraq, öyrətməliyik. Unutmamalıyıq ki, dözümsüzlük qarşıdurmanı, çatışmanı və ağır fəsadları doğurur. Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görməyimiz üçün dünyada bir çox örnəklər var və biz onlardan dərs almalıyıq", - millət vəkili əlavə edib.

Paşayeva çıxışında Azərbaycanın bu bəlalardan əziyyət çəkdiyini avroparlamentarilərin diqqətinə çatdırıb.

"Mənim xalqım bu bəlalardan əziyyət çəkmiş bir xalqdır. Məhz bunun nəticəsidir ki, 1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq, bütün azərbaycanlıları Ermənistandakı ev-eşiyindən qovdu və bu gün orada bir azərbaycanlı belə, yaşamır. Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 20 mindən çox insanı qətlə yetirdi, 1 milyon insanı öz yurdlarından didərgin saldı, azərbaycanlılara məxsus məscidlər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi. Biz bu cür hadisələrdən nəticə çıxarmalı, dözümsüzlüyün, ksenofobiyanın nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq, ona qarşı sərt mübarizə aparmalıyıq", - o, qeyd edib.

Millət vəkili Azərbaycanın müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olduğunu vurğulayıb.

"Mənim ölkəm - Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olaraq, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq Mədəniyyətlər və Sivilizasiyalararası dialoqa böyük önəm verir. İki gün bundan əvvəl Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gəlmiş 500-dən artıq din xadimi, siyasətçi, media nümayəndəsi, QHT-lər, elm xadimlərinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi, burada mədəniyyətlərarası dialoqa önəmli töhfə verəcək müzakirələr aparıldı və qərarlar qəbul edildi. Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Keçən il ölkəmizdə dünya dini liderlərinin Bakı sammiti keçirilib. 2009-cu ildə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilib. 2008-ci ildə bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı keçirilib və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilib. Bu gün dünyanın gələcəyini düşünən hər kəsin üzərinə böyük yük düşür. Biz heç zaman unutmamalıyıq ki, "uyum insanlıq tarixində rifah, müharibə və qarşıdurma isə yoxluq gətirib", - Paşayeva deyib.

Xəbər lenti

Xəbər lenti