...

Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcək - Prezident İlham Əliyev

Siyasət Materials 13 Aprel 2011 00:02 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində mövqeyimiz birmənalıdır.
Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcək - Prezident İlham Əliyev

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində mövqeyimiz birmənalıdır. Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

"BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Necə ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməyə başlamışdır. Yəni, mən bu barədə artıq fikrimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, ədalətsizlikdir, bu, ikili standartlardır və bu, ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyildir. Çünki ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı - genosid törədilmişdir. Xocalı soyqırımı törədilmişdir. Ermənilər tərəfindən günahsız insanlar vəhşicəsinə qətlə yetirilmişdir. Nədənsə o zaman dünya birliyi bizim dərdimizə biganə qalmışdır" İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır.

"Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edilib, ATƏT-in qərarları, Avropa Parlamenti, Avropa Şurası, İslam Konfransı Təşkilatı, NATO-nun qərarları - bütün bu qərarlar işğal edilmiş torpaqlardan erməni qoşunlarının çıxarılmasını tələb edir. Ancaq məsələ öz həllini tapmır. Belə olan halda haqlı olaraq Azərbaycan vətəndaşları sual verirlər ki, nə üçün bizə qarşı münasibət fərqlidir? Bunun səbəbi nədir? Mən bu sualı beynəlxalq ictimaiyyətə, beynəlxalq aləmdə nüfuza malik olan ölkələrə ünvanlayıram. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğala son qoyulmalıdır və bu məsələ tezliklə öz həllini tapmalıdır. Çünki Azərbaycan xalqının səbri tükənməz deyildir.

Bir daha demək istəyirəm ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi birmənalıdır. Bu mövqe nəinki bizim arzularımıza, beynəlxalq hüquqa əsaslanır və beynəlxalq hüquq hələ ki, dünyada başlıca bir meyardır. Biz indi görürük ki, beynəlxalq hüquq normaları müxtəlif yerlərdə kobudcasına pozulur. Ona görə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və heç bir şərt irəli sürülməməlidir" Prezident çıxışında söyləyib.

İlham Əliyev deyib ki, hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcəkdir.

"Eyni zamanda, məsələ öz həllini Dağlıq Qarabağda yaşayan insanların və oraya mütləq qayıdacaq Azərbaycan vətəndaşlarının muxtariyyət, özünüidarəetmə statusunda yaşamasını təmin edə biləcək prinsiplər əsasında tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da nə vaxtsa müstəqilliyin verilməsi mümkünsüzdür. Bu, danışıqlar mövzusu deyildir və olmayacaqdır" dövlət başçısı bird aha vurğulayıb.

Prezidentin sözlərinə görə, birinci rübdə bu məsələ ilə bağlı ATƏT-in qiymətləndirmə missiyası işğal edilmiş torpaqlara səfər etmişdir.

"Bu missiya bizim təklifimiz əsasında baş tutmuşdur. Ermənistan tərəfi buna etiraz etməyə cəhd göstərmişdir. Bildiyiniz kimi, 2005-ci ildə oxşar missiya işğal edilmiş torpaqlara səfər etmişdir. O, faktaraşdırıcı missiya idi. Yəni, o, belə adlandırılırdı. Missiyanın əsas məqsədi işğal edilmiş torpaqlarda vəziyyəti araşdırmaq və məruzə hazırlamaq idi. Mən bilirəm ki, Azərbaycan cəmiyyətində missiyanın yekun məruzəsi ilə bağlı müxtəlif fikirlər vardır. Haqlı olaraq cəmiyyətimiz öz narahatlığını bildirir ki, o məruzədə ifadələr o qədər də kəskin deyildir. Ancaq qeyd etmək istəyirəm ki, missiyanın məqsədi və mandatı ondan ibarət idi ki, mövcud vəziyyəti öyrənsin və gördüklərini məruzədə ifadə etsin. Bu baxımdan hesab edirəm ki, məruzədə göstərilən məsələlər reallığı əks etdirir. Yəni, mən orada vacib olan məsələlərdən bir neçəsini qeyd etmək istəyirəm. Birincisi, orada açıq-aydın göstərilir ki, işğal edilmiş ərazilərdə ermənilər tərəfindən bütün infrastruktur dağıdılıbdır. Yəni, biz bunu onsuz da bilirdik, 2005-ci ildə bu, göstərilmişdir və bu il də bu, göstərilir. Yəni, erməni vandalizminin nəticələrini missiya öz gözü ilə görmüşdür. Məscidlərimiz, qəbirlər, bütün infrastruktur dağıdılıb, ya da ki, talan edilibdir. İkinci vacib məsələ ondan ibarətdir ki, məruzədə göstərilir, işğal edilmiş rayonların inzibati hüdudlarını süni şəkildə dəyişdirmək olmaz. Bu, birbaşa Ermənistana ünvanlanan bir tələbdir. Biz yaxşı bilirik ki, orada qondarma yerli hakimiyyət Ermənistanın göstərişi ilə bizim rayonların hüdudlarını süni şəkildə dəyişdirmək istəyir. Bununla bərabər, rayonların tarixi və əzəli adlarının dəyişdirilməsi də yolverilməz hal kimi məruzədə göstərilibdir. Bu da birbaşa Ermənistana ünvanlanan bir iraddır. Çünki şəhərlərimizin adlarını onlar dəyişdirmək istəyir və onlardan başqa o yeni adları heç kim tanımır və tanımayacaqdır.

Buna oxşar kifayət qədər məsələlər məruzədə öz əksini tapıbdır. Yəni, bütün bu məsələlər əvvəlki məruzədə də bu və ya digər formada öz əksini tapmışdır. Sadəcə olaraq bu, bir daha təsdiq olunur. Ən vacib məsələlərdən biri də hesabatda işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparılmasının göstərilməsidir. Hazırda Laçın və Kəlbəcər rayonlarında, - daha çox bu iki rayonda -14 min qanunsuz məskunlaşma halı vardır, yəni,- 14 min insan yaşayır ki, onlar orada yaşamamalıdırlar. Onlar sonradan bu torpaqlara köçürülmüşlər və bunu da hesabatda yolverilməz hal kimi göstərirlər.

Nəhayət, məruzədə göstərilir ki, status-kvo, yəni indiki vəziyyət davam edə bilməz. Mən hesab edirəm ki, məruzədə bu, ən vacib məsələlərdən biridir. Çünki uzun illərdir ki, Azərbaycan dövləti bütün tribunalarda, bütün beynəlxalq təşkilatlarda, eyni zamanda, həmsədr ölkələrin rəsmiləri ilə birbaşa görüşlərdə məsələ qaldırır ki, status-kvo dəyişdirilməlidir" İlham Əliyev çıxışında söyləyib.

Dövlət başçısının sözlərinə görə, Ermənistan tərəfi bütün imkanlardan istifadə edir, çalışır ki, danışıqları uzatsın.

"Mən Azərbaycan vətəndaşlarına bu barədə də müəyyən dərəcədə məlumat vermişəm. Müəyyən mərhələdə razılaşdırılmış məsələlər onlar tərəfindən yenidən danışıqlar masasına qoyulur və onlar əvvəlcədən razılaşdırılmış məsələlərdən geri çəkilirlər. Yəni, istəyirlər ki, bu proses sonsuz, daimi, əbədi olsun, daim bu danışıqlar getsin və guya ki, Ermənistan danışıqlarda özünü konstruktiv aparır. Halbuki biz dəfələrlə demişik ki, Ermənistan danışıqlarda qeyri-səmimidir. Onların məqsədi məsələnin həlli deyildir. Onların məqsədi işğal edilmiş torpaqları nə qədər mümkündür öz nəzarəti altında saxlamaq və de-fakto vəziyyəti gələcəkdə de-yure vəziyyətinə çevirməkdir. Onların niyyəti ondan ibarətdir ki, nə qədər çox vaxt keçsə o qədər yaxşıdır, yəni, dünya birliyi bu vəziyyətlə barışacaq və beləliklə, bu vəziyyət - danışıqlar prosesi sonsuz aparılacaqdır.

Biz dəfələrlə məsələ qaldırmışıq ki, bu, mümkünsüzdür. Azərbaycan imitasiya, danışıqlar naminə danışıqlarda iştirak etməyəcəkdir. Bizim kəskin fikrimiz bundan ibarətdir və status-kvo dəyişdirilməlidir. Status-kvonun dəyişməsi nə deməkdir, bunu hamı yaxşı başa düşür. O deməkdir ki, Azərbaycan torpaqlarından işğalçı qüvvələr çıxarılmalıdır və məruzədə bu tezisin göstərilməsi hesab edirəm ki, çox vacib məsələdir. Azərbaycanın mövqeyi həmsədr ölkələr - ATƏT tərəfindən dəstəklənir. Status-kvonun qəbuledilməz olması birinci dəfə deyil ki, səslənir. Bunu həmsədr ölkələrin yüksək vəzifəli şəxsləri də öz bəyanatlarında bildirmişlər. Əgər status-kvo dəyişdiriləcəksə bu, mütləq dəyişdirilməlidir, əlbəttə ki, Azərbaycanın hazırda işğal altında olan torpaqlarından işğalçı qüvvələr çıxarılacaqdır və bu, tezliklə baş verməlidir. Ermənistana imkan verilməməlidir ki, danışıqları süni şəkildə, müəyyən bəhanələrlə uzatsın. Ermənistan konkret təkliflərə konkret cavab verməlidir ki, torpaqlarımızın işğalçılardan azad edilməsi prosesi başlasın.

Beləliklə, bu məsələ ilə bağlı sadəcə olaraq istərdim ki, Azərbaycan vətəndaşları həm məruzə ilə bağlı, həm də ki, danışıqların mahiyyəti və məzmunu ilə bağlı mənim mövqeyimi, - Azərbaycan dövlətinin mövqeyini bilsinlər. Hesab edirəm ki, buna ehtiyac vardır" Prezident vurğulayıb.
İlham Əliyev həmçinin qeyd edib ki, ölkəmizdə hərbi sənaye potensialı sürətlə inkişaf edir.

"Mən bu sahəni xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, həm sənaye sahəsidir, eyni zamanda, xüsusi bir sahədir. Burada hər iki məqsəd güdülür. Biz, ilk növbədə, Azərbaycanın hərbi potensialını daxili imkanlar hesabına gücləndirməliyik. Vaxtilə Müdafiə Sənayesi Nazirliyi məhz bu məqsədlə yaradılmışdır. Digər tərəfdən, bu, yeni bir sənaye sahəsidir. Minlərlə yeni iş yeri açılmışdır, yüksək maaşlar verilir və Azərbaycanda müasir hərbi sənaye məhsulları istehsal olunur. Hazırda Azərbaycanda 430 adda məhsul istehsal edilir. Məqsədimiz ondan ibarətdir ki, biz bu sahədəki işləri ən müasir texnologiyalar əsasında quraq.

Mən onların arasında pilotsuz təyyarələrin istehsalını xüsusi qeyd etmək istəyirəm. Bu, ən inkişaf etmiş ölkələrə xas olan istehsal sahələridir. Azərbaycan artıq öz imkanları ilə pilotsuz təyyarələrin ən yüksək səviyyədə istehsalına başlamışdır və bu, bizim hərbi gücümüzü böyük dərəcədə artıracaqdır.

Bütövlükdə bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi işində Azərbaycan çox müsbət rol oynayır. Azərbaycan bölgədə sabitləşdirici amildir. Ölkəmiz bütün sahələrdə uğurlu siyasət aparır" Prezident bildirib.

Xəbər lenti

Xəbər lenti