...

Azərbaycanın birinci xanımı və Litva Prezidenti İçərişəhəri gəziblər (FOTO)

Siyasət Materials 3 May 2011 17:25 (UTC +04:00)
Litva Prezidenti xanım Dalya Qribauskayte və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 3-də dünya mədəni irs abidələrindən olan İçərişəhəri gəziblər.
Azərbaycanın birinci xanımı və Litva Prezidenti İçərişəhəri gəziblər (FOTO)

Litva Prezidenti xanım Dalya Qribauskayte və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 3-də dünya mədəni irs abidələrindən olan İçərişəhəri gəziblər.

Trend-in məlumatına görə, gəzinti zamanı Litva Prezidentinə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Ali qonaq qoruq ərazisində yerləşən Miniatür Kitab Muzeyinə baxıb. Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə yaradılan muzeydə 68 ölkədən gətirilən 5100 miniatür kitab saxlanılır. Prezident Dalya Qribauskayte muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Sonra xanım Dalya Qribauskayte milli mədəni irsimizin incisi sayılan "Şirvаnşаhlаr Sаrаyı Kompleksi" ilə tanış olub. Ali qonağa saray kompleksi barədə ətraflı məlumat verilib.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Litva Prezidenti təndir çörəyinə qonaq edilib. Sonra Buxara karvansarasına gələn ali qonağa orta əsrlərdə Azərbaycanın Hindistan və Orta Asiya ilə ticarət əlaqələri barədə məlumat verilib.

Litva Prezidenti "Bazar meydanı"ndakı əzəmətli Qız qalasını seyr edib. Bu abidənin yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri ali qonağın marağına səbəb olub. Sonra Cümə məscidi və burada aparılmış təmir-bərpa işləri barədə ətraflı məlumat verilib.

Daha sonra xanım Dalya Qribauskayte və Mehriban xanım Əliyeva "Kiçik Karvansara" abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"nda olublar. Litva Prezidenti və Azərbaycanın birinci xanımı burada çay süfrəsi arxasında söhbət ediblər.

Ali qonaq paytaxtımızın qədim guşəsindən xoş təəssüratlarla ayrılıb.

Xəbər lenti

Xəbər lenti