...

USAID-in Azərbaycan üzrə missiyasının direktoru vəzifələrinin icrasına başlayır

Siyasət Materials 5 May 2011 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Maykl Grin (Michael Greene) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru qismində öz vəzifələrini icra etməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə USAD/Azərbaycan-ın cümə axşamı yaydığı məlumatda deyilir.

Bu vəzifəyə təyin olunmazdan əvvəl, o, 2009-cu ildən Qərbi Əfqanıstan üzrə Regional Platformanın direktoru olub. Bu vəzifədə USAID-in sabitlik və inkişaf proqramlarına nəzarət edib. 2005-2009-cu illərdə Qrin Peruda "Alternativ İnkişaf Proqramı"nın direktoru vəzifəsində çalışıb.

Qrin Xorvatiyada Özəl Sektorun İnkişafı şöbəsinin rəhbəri, Dominikan Respublikasında icraçı baş müfəttiş, Boliviyada ofis rəhbərinin müavini, Banqladeşdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması proqramının koordinatoru və Ekvadorda Sahil Yenidənqurma Layihəsinin regional ofisinin rəhbəri də işləyib.

Azərbaycan üzrə missiya rəhbəri kimi, Qrin USAID-in Azərbaycanın hərtərəfli, bazar iqtisadiyyatına əsaslanan demokratiyaya keçidini dəstəkləyən proqramlarına nəzarət edəcək. USAID proqramları vətəndaşların işə cəlb olunması, yeni iş yerlərinin açılması, gəlirlərin artırılması, Azərbaycan xalqının sağlamlığı və həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

USAID/Azərbaycan bildirir ki, yeni missiya direktorunun gəlişi ilə əvvəllər USAID-in Tbilisidə yerləşən Qafqaz regional missiyasının bir hissəsi olan USAID/Azərbaycan tamamilə müstəqil missiyaya çevriləcək.

Xəbər lenti

Xəbər lenti