...

Azərbaycanın xarici işlər naziri Monteneqroda bir sıra görüşlər keçirib

Siyasət Materials 6 May 2011 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir S.Ağayeva/

Monteneqroya rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Monteneqro Prezidenti Filip Vuyanoviç, Baş bazir İqor Lukşiç, parlamentin sədri Ranko Krivokapiç və Bar şəhərinin meri Jarko Paviçeviçlə görüşlər keçirib. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşlərdə Azərbaycan xarici işlər nazirinin Monteneqroya səfərinin, eyni zamanda, 26-27 noyabr 2010-cu il tarixində Monteneqronun xarici işlər və Avropa inteqrasiyası naziri Milan Roçenin Azərbaycana səfərinin qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğu vurğulanıb, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradacağına əminlik bildirilib.

Monteneqro Prezidenti Filip Vuyanoviç Elmar Məmmədyarovla görüşdə dövlətinin bütün ölkələrin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşdığını bildirib. İkitərəfli münasibətlərin genişləndirilməsi zəruriliyi qeyd olunub və bu əlaqələrin inkişaf etdirilməsində hər iki dövlətin maraqlı olduğu bildirilib.

Məmmədyarov Azərbaycan ilə Monteneqronun dost ölkələr olduğunu, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı imkanlar yarandığını qeyd edib.

Azərbaycanın xarici işlər naziri Məmmədyarov qarşılıqlı səfərlərin mübadiləsinin ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyinə ümidvar olduğunu söyləyərək, Azərbaycan ilə Monteneqro arasında əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, eləcə də ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirməyin vacibliyini bildirib.

Xəbər lenti

Xəbər lenti