...

Vaşinqtonda ulu öndər Heydər Əliyevin doğum gününün 88-ci ildönümü qeyd olunub

Siyasət Materials 11 May 2011 11:54 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin doğum gününün 88-ci ildönümü münasibətilə Azərbaycanın ABŞ-dakı səfirliyi "Discovery Science" kanalının Bakıda tikilməkdə olan Heydər Əliyev Mədəniyyət Mərkəzi və "Atəş Qüllələri"nə həsr olunmuş "Azərbaycanın fövqəladə transformasiyası" adlı xüsusi reportajının rəsmi təqdimat mərasimini keçirib.
Vaşinqtonda ulu öndər Heydər Əliyevin doğum gününün 88-ci ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 11 may /Trend/

Ümummilli lider Heydər Əliyevin doğum gününün 88-ci ildönümü münasibətilə Azərbaycanın ABŞ-dakı səfirliyi "Discovery Science" kanalının Bakıda tikilməkdə olan Heydər Əliyev Mədəniyyət Mərkəzi və "Atəş Qüllələri"nə həsr olunmuş "Azərbaycanın fövqəladə transformasiyası" adlı xüsusi reportajının rəsmi təqdimat mərasimini keçirib.

Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata əsasən, mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edərək, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı və dünya birliyində özünəlayiq yer tutması üçün Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən danışıb.

Səfir ümummilli liderin Azərbaycanın daha da güclənməsinə və müasir dövlət kimi inkişaf etməsinə dair arzularının bu gün Prezident Ilham Əliyevin rəhbərliyi altında gerçəkliyə çevrildiyini qeyd edib və "Discovery Science" kanalı kimi nüfuzlu KİV-in bu inkişafı işıqlandırmasını əlamətdar hadisə kimi dəyərləndirib.

Reportajın aparıcısı və prodüseri Daniel Forster belə xüsusi günə həsr olunmuş mərasimdə iştirakından məmnunluğunu ifadə edib. O, müxtəlif mədəniyyətlərin qovşağında yerləşən Azərbaycanın parlaq gələcəyə yönəlmiş səylərindən, ölkədə aparılan quruculuq işlərindən çox mütəəssir olduğunu bildirib, Heydər Əliyev Mədəniyyət Mərkəzinin və "Atəş Qüllələr"inin unikal səciyyə daşıdığını qeyd edib.

Sonra reportaj nümayiş etdirilib.

Reportaj səfirlik tərəfindən DVD şəklində çoxaldılaraq tədbir iştirakçılarına paylanıb. Qonaqlar Heydər Əliyevin ABŞ-a səfərlərinə həsr olunmuş foto-sərgi ilə də tanış olublar.

Təqdimat mərasimində ABŞ Dövlət Departamenti, Müdafiə və Enerji nazirliklərinin əməkdaşları, alim və ekspertlər, KİV nümayəndələri, iş adamları, Azərbaycan diasporunun üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti