Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hərbi sahədə əməkdaşlıq edəcəklər. Trend-in Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinə (MSN) istinadən verdiyi məlumata görə, BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargahının Təminat və Təchizat İdarəsinin rəisi, general Xəlifə Məhəmməd Səni Ər-Rumeysinin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti MSN-lə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Azərbaycanda səfərdədir.
Səfər mayın əvvəlində Türkiyədə keçirilən "IDEF-2011" X Beynəlxalq Müdafiə Sənayesi Sərgisi zamanı əldə olunmuş razılığa əsasən həyata keçirilir.
BƏƏ-nin nümayəndə heyəti MSN-in müəssisələri ilə yaxından tanış olub. Nümayəndə heyəti MSN-in "İqlim" Elmi İstehsalat Müəssisəsi, Elektron Hesablayıcı Maşınlar, "Radioquraşdırma", "Telemexanika" zavodları ilə tanış olub və istehsal prosesini yaxından izləyib.
Səfər proqramının sonunda nümayəndə heyətinin MSN rəhbərliyi ilə görüşü nəzərdə tutulur.