...

Mehriban Əliyeva Venesiya Biennalesində Azərbaycan pavilyonunun rəsmi açılış mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 3 İyun 2011 10:07 (UTC +04:00)
Mehriban Əliyeva Venesiya Biennalesində Azərbaycan pavilyonunun rəsmi açılış mərasimində iştirak edib (FOTO)
Mehriban Əliyeva Venesiya Biennalesində Azərbaycan pavilyonunun rəsmi açılış mərasimində iştirak edib (FOTO)

İtaliyanın Venesiya şəhərində növbəti Ümumdünya Təsviri İncəsənət Sərgisi - 54-cü Venesiya Biennalesi öz işinə başlayıb. İyunun 1-də Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Venesiya Biennalesində ölkəmizin pavilyonunun rəsmi açılış mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər bir sərgi aksiyasıdır. Noyabr ayına qədər davam edəcək bu sərgidə 100-dək ölkə öz pavilyonları ilə iştirak edəcəkdir. Azərbaycan artıq üçüncü dəfədir ki, Venesiya Biennalesinə qatılır. 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonu şəhərin ən izdihamlı məkanlarının birində, məşhur Realto körpüsü yaxınlığındakı Qrand kanalın üzərində qərarlaşan və 15-ci əsrdə ucaldılan Benzon sarayında (Palazzo Benzonda) yerləşir.

Bu il Azərbaycan pavilyonu "Relational,of Baku" devizi altında çıxış edir. İşçi qrupunun və iştirakçıların vahid qənaətinə görə, bu, "Bakıya məxsus" kimi izah olunur.
Azərbaycanı Biennaledə altı rəssam - Altay Sadıqzadə, Mikayıl Əbdürrəhmanov, Aydan Salahova, Zeyqəm Əzizov, Xanlar Qasımov və Ağa Hüseynov təmsil edirlər. Bu fırça ustalarının əsərləri müasir incəsənət vasitəsilə Azərbaycanı tanıtmaq və ölkəmizdə yaşayan insanların xarakterini Qərb tamaşaçısına çatdırmaq baxımından əvəzolunmaz fürsətə çevrilib.

Builki Venesiya Biennalesinin mövzusu və konsepsiyası əsasən illüminasiyaya, yəni millətlərin işığına həsr olunmuşdur. Modernist rəssamlarımızın əsərləri müasir incəsənət və bu sənət növünün imkanları vasitəsilə Qərb tamaşaçısında paytaxtımızın qədim və müasir görkəmi, ölkəmiz, burada yaşayan insanlar haqqında zəngin təəssürat yaradır. Realist çalarlarla, fərqli forma və rənglərlə diqqət çəkən bu yaradıcılıq nümunələri ilk baxışdan bir qədər sərt görünsə də, əslində heyrətamiz gözəlliyi və maraqlı işlənmə texnikası ilə diqqəti cəlb edir. Sərginin zəngin toplusu bu müasir sənətin xüsusiyyətlərinin açıqlanmasına imkan verir.

Həqiqətən parlaq və orijinal bir fenomen olan müasir Azərbaycan incəsənətinin nümunələri özəlliyi ilə seçilir. Buradakı əsərlər estetik tərbiyə, bədii zövqün inkişafı, fərqli düşüncə üçün gözəl imkanlar açır. Sərgidəki əsərlərdə daha çox qeyri-ənənəvi, bəzən hətta gözlənilməz ifadə texnologiyası tətbiq edilib.

Venesiya Biennalesində Azərbaycan pavilyonu onu da təsdiqləmişdir ki, müasir incəsənət əsərlərində müəllif yeni obrazlar axtarmaqla yanaşı, həm də onların yeni ifadə formaları üzərində çalışır. Bu sahədə əsər yaradan hər bir fırça ustası seçdiyi mövzu haqqında ən dolğun məlumat vermək üçün özünəməxsus ifadə üsullarından istifadə edir. Müasir incəsənət üslubunu seçənlər əsərləri ilə tamaşaçını dialoqa, diskussiyaya çağırırlar. Müasir incəsənətin ən parlaq aspekti onun qeyri-müəyyənliyidir.

Sərgiyə gələnlər tükənməz təsir bağışlayan əsərlərə böyük maraqla baxmış və bir daha Azərbaycan mədəniyyətinin bütün istiqamətlərdə inkişaf etdiyinin şahidi olublar.

Avanqard çalarlarla zəngin olan bu sərginin ovqatı həm də bir reallığı ortaya qoymuşdur ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara hər zaman böyük diqqət göstərilib. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm olaraq həyata keçirilən tədbirlər də bu reallıqdan qaynaqlanır. Dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da mədəniyyətin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən birinə çevirib.

Sərgidə Azərbaycan pavilyonunun açılışı xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Bir sözlə, Venesiya Biennalesindəki pavilyonumuz öz maraqlı formatı və qeyri-adi əsərləri ilə diqqəti çəkmişdir. Parlaq və orijinal ideyaların vəhdətindən ərsəyə gələn bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər vermişdir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun vəhdətdə təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları tamaşaçılarda böyük maraq doğurub.

Xəbər lenti

Xəbər lenti