...

Azərbaycanda müdafiə sənayesi üçün kadrlar hazırlanması məqsədilə fakültə yaradılır

Siyasət Materials 9 İyun 2011 11:19 (UTC +04:00)
Azərbaycan hökuməti müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə ayrıca fakültənin yaradılması ilə bağlı qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin rəsmi saytı məlumat yayıb.
Azərbaycanda müdafiə sənayesi üçün kadrlar hazırlanması məqsədilə fakültə yaradılır

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan hökuməti müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə ayrıca fakültənin yaradılması ilə bağlı qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin rəsmi saytı məlumat yayıb.

Qərara əsasən, Azərbaycan Texniki Universitetində (ATU) Xüsusi texnika və texnologiya fakültəsinin və müvafiq kafedraların Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada yaradılmasına razılıq verilib.

Təhsil Nazirliyi Xüsusi texnika və texnologiya fakültəsinin əsasnaməsinin müəyyən olunmuş qaydada hazırlanıb təsdiq edilməsini təmin etməlidir. Bundan əlavə, nazirlik Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə Xüsusi texnika və texnologiya fakültəsində kadr hazırlığı aparılacaq ixtisaslar üzrə təkliflərini hazırlayıb ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə ixtisasların təsnifatına daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir.

Təhsil Nazirliyinə Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə fakültənin müvafiq profil kafedralarının müasir tələblərə uyğun maddi-texniki bazasının yaradılması, eləcə də fakültədə tədris prosesinin təşkili və aparılması, tədris-metodiki vəsaitlərlə təmin olunması ilə bağlı məsələlərin həll edilməsi üçün tədbirlər görülməsi də tapşırılıb.

Nazirlət Kabinetinin qərarında İqtisadi İnkişaf Nazirliyinə də müvafiq tapşırıqlar verilib. Qeyd olunub ki, müdafiə sənayesi kompleksinin tələbatını nəzərə almaqla, Müdafiə Sənayesi və Təhsil nazirliklərinin təklifləri əsasında müvafiq ixtisaslar üzrə dövlət sifarişi ilə ATU-nun Xüsusi texnika və texnologiya fakültəsinə tələbə qəbulunun proqnozunu müəyyənləşdirsin.

Xəbər lenti

Xəbər lenti