...

Azərbaycan Prezidenti Sloveniyanın Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin memorialını ziyarət edib (FOTO)

Siyasət Materials 11 İyun 2011 00:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti Danilo Türk iyunun 10-da Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadənin memorialını ziyarət etmiş və memorial muzeyin açılışında iştirak etmişlər
Azərbaycan Prezidenti Sloveniyanın Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin memorialını ziyarət edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Sloveniya Respublikasının Prezidenti Danilo Türk iyunun 10-da Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının igid oğlu Mehdi Hüseynzadənin memorialını ziyarət etmiş və memorial muzeyin açılışında iştirak etmişlər. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Mehdi Hüseynzadənin memorialı önündə təşkil olunan mərasimdə çıxış edən Novo Qoritsa şəhərinin meri Azərbaycan Prezidentini bu şəhərdə görməkdən məmnun olduğunu bildirdi.
"Mehdi Hüseynzadə bizi birləşdirən şəxs idi və onun qəhrəmanlığı bütün ətraf kəndlərin əhalisi tərəfindən ehtiramla yad olunur, o, hər birimizin qəlbində yaşayır" - deyən mer alman faşizminin Mehdi Hüseynzadənin arzularını yarımçıq qoyduğunu, lakin bu yerlərin insanlarının azadlıq əzmini qıra bilmədiyini vurğuladı.

Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İvan Başin də Mehdi Hüseynzadənin xatirəsini anaraq, Mixaylonun əfsanəvi qəhrəmanlığından danışdı.
İkinci Dünya müharibəsi gedişində Azərbaycan əsgərlərinin sloven partizanlarının 9-cu korpusu daxilində düşmənə qarşı birgə mübarizə apardıqlarını qeyd edən İ.Başin vurğuladı ki, yerli sakinlər Mixayloya hər zaman böyük hörmətlə yanaşırdılar.

Rəhbərlik etdiyi cəmiyyətin fəaliyyətinə toxunan İ.Başin əsas məqsədin Azərbaycan təsisatları ilə elm, təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində əlaqələri genişləndirmək və ikitərəfli əməkdaşlığa yeni töhfələr vermək olduğunu bildirdi.
Sonra xor kapellasının çıxışı oldu.

Daha sonra dövlət başçıları mərasimdə çıxış etdilər.Uşaq xoru da öz çıxışını təqdim etdi.
Azərbaycan və Sloveniya prezidentləri Mehdi Hüseynzadənin memorial muzeyinin açılışında iştirak etdilər.

Dövlət başçıları xatirə lövhəsinin üzərindən örtüyü götürdülər.
Prezident İlham Əliyev və Prezident Danilo Türk muzeylə tanış oldular.
Qeyd edək ki, xalqımızın qəhrəmanlıq tarixində mühüm yeri olan Mehdi Hüseynzadənin memorial muzeyindəki bütün eksponatlar onun adı ilə bağlıdır. Burada qəhrəmanın keçdiyi döyüş yolu bütün təfərrüatları ilə əks olunmuşdur.

O dövrə aid fotolar, Mehdi Hüseynzadənin döyüş yoldaşlarının təqdim etdikləri qiymətli eksponatlar bu muzeyə gələnlərdə Mixaylonun qəhrəmanlığı haqqında dolğun təəssürat yaratmağa imkan verir. Muzeydə Mixaylonun abidəsi də qoyulmuşdur. Vaxtilə ona məxsus olan döyüş sursatları, şəxsi əşyalar da muzeydə nümayiş etdirilir.

Mehdi Hüseynzadə haqqında çəkilmiş "Uzaq sahillərdə" filmindən fotolar da bura gələnlərə xalqımızın igid oğlunun xatirəsinin hər zaman soydaşlarımızın qəlbində yaşadığını bir daha nümayiş etdirir. Bir sözlə, memorial muzeyin yaradılması bu torpaqların faşizm təhlükəsindən azad olunması yolunda öz canından keçmiş Mehdi Hüseynzadənin xatirəsinə həm Azərbaycan, həm də Sloveniya hökumətinin ehtiramını göstərir.

Mərasimdə iştirak edən yerli sakinlər dövlət başçıları ilə söhbətlərində bir daha vurğuladılar ki, Mehdi Hüseynzadənin əziz xatirəsi hər zaman onların qəlbində yaşayacaqdır.
Prezidentlər İlham Əliyev və Danilo Türk Mehdi Hüseynzadənin büstü önündə xatirə şəkli çəkdirdilər.

Foto- Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti