...

Əli Həsənov: Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi onların son parlament seçkilərində topladığı səslərdən asılı olacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 İyun 2011 13:00 (UTC +04:00)
Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi onların son parlament seçkilərində topladığı səslərdən asılı olacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov: Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi onların son parlament seçkilərində topladığı səslərdən asılı olacaq (ƏLAVƏ OLUNUB)

Dördüncü abzasdan sonra əlavə edilib (İlk xəbər 12:49-da yayılıb)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi onların son parlament seçkilərində topladığı səslərdən asılı olacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Yəni siyasi partiyaların parlamentdə təmsil olunub-olunmamalarının fərqi yoxdur. Əsas odur ki, müvafiq baryeri aşan partiyalar bu maliyyələşməyə düşə bilər", - Həsənov qeyd edib.

PA rəsmisi bildirib ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi, bu qanuna əlavə və dəyişikliklər uzun müddətdir Azərbaycanda müzakirədədir.

"Müxtəlif siyasi partiyalar 1992-ci ildə qəbul edilmiş qanunun mövcud reallıqlara cavab vermədiyi haqqında fikirlər səsləndirirlər. Ən azından Azərbaycan Konstitusiyası bu qanundan sonra qəbul olundu. Siyasi sistemin əsasları müəyyənləşib. Bu sistemin əsasları ilə 1992-ci ildə deklorativ şəkildə qəbul olunmuş qanunun bir-birinə uyğun gəlməməsi fikirləri var. Bu yaxınlarda parlamentdə təmsil olunan bir qrup partiya rəhbəri cənab Prezidentə müraciət edib. "Siyasi partiyalar haqqında" qanuna yenidən baxılması, maliyyələşmə məsələsi, eyni zamanda partiya institutunun əsasları ilə bağlı müasir yeniliklərin nəzərə alınması təklifi irəli sürülüb", - Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, bu təşəbbüs Prezident İlham Əliyev tərəfindən dəyərləndirilib və müvafiq layihələr hazırlanıb, standartlar müəyyən olunub.

"Hazırda o layihə Avropa Şurasının Venesiya Komissiyasına göndərilib. Komissiyanın rəyləri də nəzərə alınmaqla yay tətilindən sonra siyasi partiyalarla birlikdə qanunun ictimai müzakirələrinə başlanacaq. Bundan sonra parlamentdə qəbulu proseduruna başlamaq olar", - Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, siyasi partiyalar müasir tələblərə cavab verməlidir.

"Siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi müsbət haldır və bunun dünyada analoqu var. Siyasi partiyaların maliyyələşdirilməsi şəffaf olmalıdır. Maliyyələşdirmə ilə bağlı beynəlxalq praktika nəzərə alınmalıdır. Hansı modelin seçiləcəyini müzakirələr göstərəcək", - PA rəsmisi qeyd edib.

Həsənov siyasi partiyaların yenidən qeydiyyata alınmasının gündəmdə olmadığını deyib.

Venesiya Komissiyası Azərbaycan hakimiyyətindən "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərə baxmaqla bağlı sorğu alıb və bu layihə üzərində konstuktiv işləyəcəyinə ümid edir. Bu barədə öncə telefonla Trend-ə Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov deyib.

Milli Məclisin payız sessiyasında "Siyasi pratiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Siyasi partiyalar mövcud "Siyasi pratiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsi və ya yeni qanunun qəbul edilməsi məsələsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsi üçün təkliflər irəli sürüblər.

Xəbər lenti

Xəbər lenti