Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Tariverdiyeva/
Türkiyədəki seçkilər yaxşı təşkil olunmuş, demokratik və plüralizmi nümayiş etdirən seçkilər kimi qəbul edilir, lakin eyni zamanda, onlar əsas azadlıqların yaxşılaşdırılmasının vacibliyini göstərdi. Trend-in məlumatına görə, bu barədə ATƏT və AŞ Parlament assambleyalarından olan beynəlxalq müşahidəçilərin məlumatında deyilir.
"Öz demokratik öhdəliklərini tam şəkildə yerinə yetrimək üçün Türkiyə səsvermə günü effektiv peşəkar prosedurların yerinə yetirilməsindən daha çox işlər görməlidir", - ATƏT Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri, Pia Krismar-Meller (Danimarka) bildirib.
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Kerstin Lundqrenin (İsveç) sözlərinə görə, bu gün Avropada parlamentə keçidin ən yüksək həddi olan on faizlik hədd bu seçkilərdə əsas məsələ olaraq qalır.
"Adamların xeyli hissəsinin milli azlıqlardan ibarət olduqları ölkədə bu hədd əhali ilə qanunvericilik hakimiyyəti arasında qarşılıqlı əlaqəni və ünsiyyəti çətinləşdirə bilər", - o deyib.
Müşahidəçilər ictimaiyyətdə seçki prosesinə etimadın yaranmasına səbəb olan Ali Şuranın seçkiləri peşəkarcasına idarə etdiyinə və müşahidəçilərə sərbəst girişin verilməsinə görə onun fəaliyyətindən razılıqlarını ifadə ediblər.
Tərkibində 30 ölkədən 61 parlamentarinin olduğu müşahidəçilər regionlarda səsverməni izləyiblər. Onlar qeyd ediblər ki, ölkənin siyasi həyatında qadınların daha geniş iştirakını təmin etmək zərurəti mövcuddur.
Son məlumata görə, Türkiyədə bazar günü keçirilən parlament seçkilərində səslərin 98 faizi hesablanıb. Hakim partiya 50 faizə yaxın səslə (327 millət vəkili ilə) liderlik edir.
İkinci yerdə, 25,8 faiz səslə (135 millət vəkili ilə) Cümhuriyyət Xalq Partiyası, üçüncü yerdə 13,6 faiz səslə (53 millət vəkili ilə) Milliyyətçi Hərəkat Partiyası durur.