Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir T.Hacıyev/
Bu gün mövcud olan müxalifət Azərbaycan cəmiyyəti tərəfindən unudulub. Bunu Trend-ə bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, müxalifətin keçirdiyi yığıncağın "Zirvə toplantısı" adlandırılması hələ onun zirvə toplantısı olmasını ifadə etmir.
"Azərbaycan müxalifəti cəmiyyətdə tamamilə unudulmuş bir vəziyyətdədir. Əgər Azərbaycanın istənilən bölgəsində sorğu aparılsa ki, vətəndaşlar müxalifət haqqında nə düşünür və ya hansı müxalif partiyaları tanıyırlar, mütləq əksəriyyət bu sorğuya çətinliklə cavab verəcək", - Əhmədov deyib.
İyulun 9-da Azərbaycan Demokrat, Liberal, Vətəndaş və İnkişaf, Klassik Xalq Cəbhəsi, Ümid və Milli İstiqlal partiyaları Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə "Zirvə toplantısı" adlı tədbir keçiriblər.
YAP icraçı katibi qeyd edib ki, müxalifətin belə bir vəziyyətə düşməsinin yeganə səbəbi onların özlərinin davranışıdır.
"İstənilən ölkədə müxalifət cəmiyyətdə fərqli siyasi düşüncəni irəli sürən taktika yeridir. Azərbaycanda müxalifət cəmiyyəti düşündürən məsələlərlə bağlı proqram ortaya qoymayıb. Buna görə də cəmiyyətdə hər hansı dəstəyə malik deyil. Belə olan halda cəmiyyətdə dəstəyi olmayan müxalifət xaricdən özünə dəstək axtarır", - Əhmədov deyib.