...

Əli Əhmədov Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 15 İyul 2011 14:27 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov iyulun 15-də Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib.
Əli Əhmədov Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir T.Hacıyev/

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov iyulun 15-də Avropa Parlamentinin nümayəndə heyətini qəbul edib. Bu barədə cümə günü Trend-ə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Avropa Parlamentinin Portuqaliyadan olan deputatı Ferreyra Fernandes Xose Manuel Azərbaycanı modern və tolerant bir ölkə kimi tanıdıqlarını qeyd edib, Azərbaycanın geosiyasi və strateji baxımdan Avropa İttifaqı üçün çox vacib ölkə olduğunu bildirib. Azərbaycanı çox surətlə inkişaf edən bir ölkə kimi xarakterizə edən portuqaliyalı deputat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduqlarını nəzərə çatdırıb.

Azərbaycanda ən ağrılı problemin qaçqın və məcburi köçkünlərlə bağlı olduğunu etiraf edən Avropa Parlamentinin Fransadan olan deputatı Franko Qaston Avropa İttifaqının bu istiqamətdə ölkəmizə yardımlarının olacağını qeyd edib, təmsil etdiyi qurumun Azərbaycanla enerji sahəsində mövcud əməkdaşlığın daha dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Belçika Parlamentinin üzvü Alan Destexin Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirib, rəsmi Bakının qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində ciddi səylərini yüksək qiymətləndirib.

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Azərbaycan cəmiyyəti üçün həlli vacib olan məsələlərdən ən önəmlisinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olduğunu qonaqların nəzərinə çatdırıb, eyni zamanda, Azərbaycan xalqının bu məsələdə beynəlxalq ictimaiyyətdən və təşkilatlardan da ədalətli mövqe gözlədiyini qeyd edib. O, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin Azərbaycanla Avropa arasında enerji əməkdaşlığının hər iki tərəfin marağı çərçivəsində daha da güclənməsinə təkan olacağını bildirib.

Görüşdə həmçinin Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasında mövcud əlaqələrin daha da genişləndirilməsi və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

YAP icra katibinin müavini Mübariz Qurbanlı da görüşdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti