...

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab macar dilində çap olunub

Siyasət Materials 29 İyul 2011 18:13 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə hüquq elmləri doktoru Namiq Əliyevin "Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabı Macarıstan EA-nın "Akaprint" nəşriyyatı tərəfindən macar dilində çap edilib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab macar dilində çap olunub

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə hüquq elmləri doktoru Namiq Əliyevin "Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabı Macarıstan EA-nın "Akaprint" nəşriyyatı tərəfindən macar dilində çap edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, kitabda mövcud beynəlxalq hüququn norma və prinsipləri əsasında ermənilərin tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağa iddialarının əsassızlığı inandırıcı şəkildə isbata yetirilib.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin kitaba yazdığı müqəddimədə macar oxuculara Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və Ermənistan Respublikasının Azərbaycana münasibətdə yürütdüyü işğalçı siyasəti haqqında müxtəsər məlumat verilib.

"Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabı Macarıstan XİN əməkdaşları və Macarıstan Parlamentinin üzvləri, media nümayəndələri, universitet müəllim və tələbələri arasında yayılıb, ölkənin bütün əsas kitabxanalarına hədiyyə edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti