...

Sabir Rüstəmxanlı: Bəzi qüvvələr Dünya Azərbaycanlıları Konqresini parçalamağa çalışırlar

Siyasət Materials 3 Avqust 2011 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir T.Hacıyev/

Bəzi xarici qüvvələr Dünya Azərbaycanlıları Konqresini (DAK) parçalamağa, zəiflətməyə çalışırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında DAK həmsədri Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, DAK-da vəzifəsindən kənarlaşdırılan Səftər Rəhimli başına bir neçə nəfəri yığıb guya DAK rəhbərliyini vəzifədən uzaqlaşdırdığını bildirir. Halbuki onların belə bir hüququ yoxdur. Çünki onun başına topladığı yeddi nəfər idarə heyəti üzvündən ikisi idarə heyətinin əvvəlcə keçirilən iclasında vəzifələrindən kənarlaşdırılıblar. Ona görə də onların çıxardığı qərar legitim deyil.

"DAK-ın nizamnaməsi var və bütün işlər nizamnamə çərçivəsində həll olunur", - Rüstəmxanlı vurğulayıb.

Rüstəmxanlı onu da qeyd edib ki, DAK-ın Azərbaycan nümayəndəliyi rəsmi dövlət qeydiyyatından keçmədiyi üçün və heç bir hüquqi fəaliyyət imkanı olmadığı üçün ləğv edilib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimlinin DAK-da başqa bir vəzifəyə təyin olunması nəzərdə tutulmuşdu.

"Səftər Rəhimli nümayəndəliyin ləğv olunduğunu eşidən kimi mətbuatda hay-küy salmağa başladı və separatçılıq fəaliyyətinə başladı" - o bildirib.

Onun sözlərinə görə, indiyə qədər bir neçə dəfə DAK-da vəzifədən kənarlaşdırılmış şəxslər guya DAK-ın birləşməsinin tərəfdarı olduqlarını deyiblər. Həmin şəxslər bu cür addımlarla cəmiyyəti aldatmaq istəyir.

Sabir Rüstəmxanlı bəzi mətbu orqanlarda DAK-ın büdcəsində olan pulların mənimsənilməsi barədə yazılan xəbərlərə də münasibət bildirib.

"DAK-ı parçalamaq istəyən şəxslər mətbuatda informasiya yayırlar ki, mən guya DAK-ın pullarını göyə sovurmuşam. Mən bildirmək istəyirəm ki, DAK-ın heç vaxt hansısa bir bankda maliyyə hesabı olmayıb. Yalnız qurultaylar keçirilən zaman öz hesabımıza, dostlarımızın hesabına pul toplayırıq ki, nümayəndələri qurultaya toplaya bilək. Qurultay keçirildikdən sonra həmin pulların maliyyə hesabatı verilib", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti