Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Estoniya Prezidenti Toomas Hendrik İlvesi, Sinqapur Prezidenti Toni Tan Ken Yamanı Prezident vəzifəsinə yenidən seçilmələri, Yoşihiko Nodanın isə Yaponiyanın Baş nazirini vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, Estoniya Prezidentinə ünvanlanan təbrikdə İlham Əliyev dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, dostluq əlaqələrimizin genişləndirilməsi, qarşılıqlı maraq kəsb edən əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.
"Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm", - təbrikdə bildirilir.
"Ümidvaram ki, Azərbaycan-Sinqapur münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm", - Sinqapur Prezidenti Toni Tan Ken Yamana ünvanlanan təbrikdə bildirilir.
"Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan-Yaponiya münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimizi birləşdirən çoxşaxəli dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm", - Yaponiyanın Baş naziri Yoşihiko Nodaya ünvanlanan təbrikdə deyilir.