Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Araz çayından Urmiya gölünə suyun axıdılması layihəsinin icrasına tezliklə başlanacaq. Trend-in məlumatına görə, bu barədə İranın vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Məhəmməd Cavad Məhəmmədizadə İranın dövlət televiziyasının rəsmi saytı irib news-a bildirib.
Onun sözlərinə görə, artıq layihənin özəl sektordan olan icraçısı da məlum olub və layihəyə ayrılmış vəsaitin təmin olunmasını gözləyir.
Məhəmmədizadə əlavə edib ki, Urmiya gölünün problemi 5 illik proqramın icrası ilə həll olunacaq. Bunun üçün 900 milyon dollardan çox vəsait ayrılıb.
Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov sentyabrın 7-də jurnalistlərə açıqlamasında İran tərəfindən Araz çayının suyunun Urmiya gölünə axıdılması məsələsinə münasibət bildirərək demişdi ki, İran Araz çayının suyundan Urmiya gölünün qurumasının qarşısını almaq üçün istifadə etmək niyyətindədirsə, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmalıdır.
Bağırovun sözlərinə görə, İran tərəfi Azərbaycana bu məsələ ilə bağlı hələ ki rəsmi müraciət etməyib.