...

GUAM XİN Şurasının Nyu-Yorkdakı görüşü təxirə salınıb

Siyasət Materials 15 Sentyabr 2011 20:23 (UTC +04:00)
GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində növbəti iclasının keçirilməsi tarixi daha gec müddətə təxirə salınıb.
GUAM XİN Şurasının Nyu-Yorkdakı görüşü təxirə salınıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir S.Ağayeva/

GUAM ölkələrinin Xarici İşlər Nazirləri Şurasının BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində növbəti iclasının keçirilməsi tarixi daha gec müddətə təxirə salınıb. Məsələ ondadır ki, GUAM-ın sədri olan Moldova BMT sessiyasında iştirak etməyəcək. Bu barədə Trend-ə cümə axşamı təşkilatın baş katibi Valeri Çeçelaşvili deyib.

Bundan əvvəl gözlənilirdi ki, iclas sentyabrın üçüncü ongünlüyündə keçiriləcək.

"GUAM-ın Xarici İşlər Nazirləri Şurasının azı iki iclası baş tutacaq. Onlardan biri təşkilatda sədrlik edən ölkə kimi Moldovada, ikincisi dekabrın əvvəlində ATƏT nazirlərinin Vilnüs görüşündə keçiriləcək", - Çeçelaşvili bildirib.

Onun sözlərinə görə, ənənəvi olaraq növbəti Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyi üç blokdan ibarət olacaq. Birinci blokda GUAM ölkələrinin siyasi qarşılıqlı fəaliyyət məsələlərinə baxılır. İkinci blok - həm yeni, həm də ənənəvi layihələrə baxılan sahə əməkdaşlığıdır.

"GUAM ölkələrinin xüsusilə turizm, iqtisadiyyat və ticarət, nəqliyyat və mütəşəkkil cinayətkarlıqla və son vaxtlar fövqəladə vəziyyətlərin nəticələri ilə mübarizə sahəsində əməkdaşlığı fəal inkişaf edir", - Çeçeleşvili vurğulayıb.

"Bizim energetika sahəsində də maraqlı perspektivlərimiz nəzərdə tutulub. Bütün bu məsələlərə müvafiq işçi qruplarının iclaslarında hazırlanan tövsiyələrə uyğun olaraq sahə əməkdaşlığı blokunda baxılacaq", - o qeyd edib.

Baş katib əlavə edib ki, üçüncu blok ənənəvi təşkilati məsələlər blokudur.

"Nazirlər GUAM-ın ötən ildəki büdcəsi üzrə auditorların rəyini təsdiq etməli və gələn ilin büdcəsi haqqında qərar qəbul etməli, ölkələrin öz həmkarları qarşısında qaldırmağa məqsədəuyğun bildikləri bütün məsələlərə baxmalıdırlar", - Çeçelaşvili vurğulayıb.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti