...

Azərbaycanın hakim partiyası İctimai Palatanın iddialarına aydınlıq gətirib

Siyasət Materials 27 Sentyabr 2011 14:05 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) İctimai Palatada YAP üzvlərinin də olduğu barədə səslənən fikirlərə aydınlıq gətirib.
Azərbaycanın hakim partiyası İctimai Palatanın iddialarına aydınlıq gətirib

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İctimai Palatada YAP üzvlərinin də olduğu barədə səslənən fikirlərə aydınlıq gətirib.

"YAP-ın seçkili qurumlarında təmsil olunan heç bir şəxs İctimai Palataya qoşulmayıb. Bunlar ancaq sıravi üzvlər ola bilərlər", - çərşənbə axşamı Trend-ə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"2010-cu ildə keçirilən parlament seçkiləri zamanı YAP öz üzvlərinə tapşırmışdı ki, heç kim partiyanın vahid siyahısından kənar namizədliyini irəli sürməsin. Partiya üzvü partiya Nizamnaməsinin tələblərinə əməl etməlidir. Lakin 23 nəfər partiyanın qərarına zidd olaraq, namizədliklərini irəli sürmüşdülər. Onlarla izahat işləri aparıldıqdan sonra çox hissəsi namizədliklərini geri götürdülər. Ola bilər ki, həmin şəxslərdən bəziləri İctimai Palataya üzv olublar", - Novruzov əlavə edib.

YAP icra katibinin müavini onu da qeyd edib ki, parlament seçkiləri zamanı partiyanın qərarlarına qarşı çıxan üzvlər partiya sıralarından xaric olunublar.

"Bu baxımdan, demək olmaz ki, YAP üzvləri İctimai Palataya qoşulublar", - Novruzov vurğulayıb.

O, YAP-ın 560 mindən çox üzvü olduğunu xatırladıb və əlavə edib ki, hansısa sıravi üzvün İctimai Palataya qoşulması ciddi hadisə deyil.

Xəbər lenti

Xəbər lenti