...

Milli Məclis Argentina parlamenti ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır - spiker

Siyasət Materials 27 Sentyabr 2011 18:22 (UTC +04:00)
Azərbaycan Milli Məclisi Argentina parlamenti ilə münasibətlərin bundan sonra da inkişaf etdirilməsində maraqlıdır.
Milli Məclis Argentina parlamenti ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır - spiker

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi Argentina parlamenti ilə münasibətlərin bundan sonra da inkişaf etdirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Argentina Milli Konqresinin Azərbaycanla dostluq qrupunun sədri Roberto Mario Mouilleronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Cənubi Amerikada ilk dəfə olaraq Argentinada Azərbaycan səfirliyinin açılması ölkənin qarşılıqlı münasibətlərin inkişafına necə bir önəm verdiyinin göstəricisidir.

"Əminik ki, Azərbaycanla bağlı həqiqətlərin Argentina Senatının və Deputatlar Palatasının üzvlərinin diqqətinə çatdırılmasında səylərinizi əsirgəməyəcəksiniz", - Əsədov bildirib. Spiker hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini qeyd edərək, bunun informasiya və təcrübə mübadiləsi baxımından çox önəmli olduğunu vurğulayıb.

Roberto Mario Mouilleron görüşdə bildirib ki, bu səfər Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, üzləşdiyi çətinliklər haqqında məlumatlar əldə etmək baxımından önəmli olub.

Qonaq ölkəsinin həyatın müxtəlif sahələrində Azərbaycanla əməkdaşlığa maraq göstərdiyini vurğulayıb. O, dövlətlərarası münasibətlərin dərinləşməsində parlamentlərin rolunu yüksək dəyərləndirərək qarşılıqlı səfərlərin həyata keçirilməsini əhəmiyyətli hesab edib.

Azərbaycan Parlamentinin spikeri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi dünya birliyinə inteqrasiya proseslərinə, bölgənin inkişafına maneçilik törədir. "Ölkənin 20 faiz ərazisini işğal etmiş Ermənistan münaqişə ilə əlaqədar nüfuzlu beynəlxalq qurumların qətnamələrinə məhəl qoymur", - o deyib.

Roberto Mario Mouilleron bu cür münaqişələrin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu söyləyib. "Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - o bildirib.

Xəbər lenti

Xəbər lenti