...

Ermənistan tərəfinin qeyri-konstruktiv hərəkətləri BMT Baş Assambleyasının 66-cı sessiyasında narazılığa səbəb olub

Siyasət Materials 28 Sentyabr 2011 19:25 (UTC +04:00)
Ermənistan tərəfinin BMT Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində qeyri-konstruktiv hərəkətləri üzv dövlətlərin haqlı narazılığına səbəb olub.
Ermənistan tərəfinin qeyri-konstruktiv hərəkətləri BMT Baş Assambleyasının 66-cı sessiyasında narazılığa səbəb olub

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir B.Hacıyev/

Ermənistan tərəfinin BMT Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində qeyri-konstruktiv hərəkətləri üzv dövlətlərin haqlı narazılığına səbəb olub.

Sentyabrın 27-də Baş Assambleyanın 66-cı sessiyasının ümumi müzakirələri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışına Ermənistanın BMT yanında daimi nümayəndəsi cavab vermək hüququndan istifadə edərək, ölkəsinin təcavüzkar siyasətinə bəraət qazandırmağa cəhd göstərib.

Öz növbəsində söz götürən Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfinin yersiz və əsassız şərhlərinin BMT Nizamnaməsi və beynəlxalq hüquq üzrə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulduğunun və qeyri-konstruktiv mövqeyinin bariz nümunəsi olduğunu bildirib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən məlumat verilib.

"Azərbaycana qarşı təcavüz edən, kütləvi şəkildə etnik təmizləməni həyata keçirən, münaqişə zamanı digər ağır cinayətlər törədən və açıq şəkildə ayrı-seçkilik ideologiyasını təbliğ edən Ermənistanın nümayəndə heyəti tərəfindən bu siyasətin qurbanı olan Azərbaycana qarşı çıxış etmək haqqı olmadığı BMT üzv dövlətlərinin diqqətinə çatdırılıb", - məlumatda deyilir.

Xatırladıldı ki, Ermənistanın xalqların öz müqəddəratını təyinetmə hüququ kimi təqdim etdiyi hərəkətlar BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, eləcə də digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqetmə və BMT Nizamnaməsi və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilib. Həmçinin, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən yaradılmış və ona tabe olan separatçı qurumun qeyri-qanuniliyinin beynəlxalq səviyyədə dəfələrlə təsdiq edildiyi vurğulanıb.

Öz ərazisində və işğal edilmiş Azərbaycan torpaqlarında etnik təmizləmə siyasətini həyata keçirərək, monoetnik cəmiyyətin yaradılmasına nail olan Ermənistan rəhbərliyində suveren dövlətlərdən etnik qrupların birtərəfli qaydada ayrılması məsələsini qaldırmaq haqqının ümumiyyətlə olmaması qeyd edilib.

Son zamanlar cəbhə xətti boyu Azərbaycanın vətəndaşları və mülki obyektlərinə qarşı artmış hücumların və Ermənistan rəhbərliyinin tarixi saxtalaşdırma və müharibənin səbəblərinə və nizamlama prosesinə dair təhriflərlə dolu bəyanatlarının Ermənistan siyasətinin dağıdıcı təsirinin və bölgədə sülh, təhlükəsizlik və sabitliyə qarşı təhdid yaratdığının nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Ermənistan bu cür təxribat siyasətinin məqsədlərinə heç vaxt nail olmayacaq və nəticədə Azərbaycan ərazilərinin işğalına və qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymağa və bölgədə yerləşən ölkələrlə sivil münasibətlər qurmağa məcbur olacaq.

Ermənistan səfiri Azərbaycan nümayəndə heyətinin ədalətli şərhlərinə cavab tapmayaraq, onların faktiki olaraq əsaslı olduğunu qəbul etmək məcburiyyətində qalıb. Həmçinin, Ermənistan tərəfinin BMT Baş Assambleyasının ümumi müzakirələrində qeyri-konstruktiv hərəkətləri üzv dövlətlərin haqlı narazılığı və Azərbaycana münasibətdə həmrəyliyin açıq şəkildə nümayışinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti