Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevaylı qəbul edib.
Nobel mükafatı laureatı, professor Əhməd Zevayl Azərbaycana səfərindən məmnunluğunu bildirib. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə toxunan Əhməd Zevayl Forumda Azərbaycan Prezidenti İlham Əliyevin nitqini, xüsusilə dövlət başçısının elmlə, təhsillə bağlı fikirlərini yüksək qiymətləndirib. O, ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.
Dövlətimizin başçısı Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirib. Prezident İlham Əliyev bu cür tədbirlərin beynəlxalq əməkdaşlıq, qarşılıqlı anlaşma baxımından önəmini qeyd edib. Azərbaycanı müasir ölkə kimi inkişaf etdirməyin qarşıya məqsəd qoyulduğunu deyən dövlət başçısı buna elmin, təhsilin yüksəlişi sayəsində çatmağın mümkün olduğunu vurğulayıb.