...

Qəddafinin qətli və Liviyanın gələcəyi

Siyasət Materials 21 Oktyabr 2011 13:07 (UTC +04:00)
Ərəb inqilablarının ən qanlısı baş verən Liviyadakı hadisələr oktyabrın 20-də ölkənin lideri Müəmmər Qəddafi və onun oğlu Mötəsimin qətli ilə sona çatdı.
Qəddafinin qətli və Liviyanın gələcəyi

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

Ərəb inqilablarının ən qanlısı baş verən Liviyadakı hadisələr oktyabrın 20-də ölkənin lideri Müəmmər Qəddafi və onun iki oğlu Mötəsim və Seyful İslamın qətli ilə sona çatdı.

Ərəb telekanallarının verdiyi məlumata əsasən, eks-lider həbs edilərkən sağ olsa da, daha sonra əməliyyatlarda iştirak edən "inqilabçı" tərəfindən qətlə yetirilib.

Əslində Qəddafinin və oğullarının qətli bir çox sualları da cavabsız buraxdı.

Liviyada baş verən hadisələri ilk gündən izlədikdə inqilabın silahlı üsyana çevrildiyini görmək olardı.

Tunis və Misirdə xalq dinc şəkildə hakimiyyətin istefasını tələb edirdisə, Liviyada etirazların başladığı gündən bir müddət sonra hakimiyyətin sərt təzyiqinə qarşı müxalifət silahlı müqavimət göstərdi.

Ölkədə başlayan xaosdan istifadə edən Qərb və bir sıra ərəb dövlətləri ilk gündən üsyançıları silahlandırdı, Fransa ölkədə "insan haqları"nın qorunması və "demokratiya"nın bərqərar edilməsi üçün martın 18-də Liviyaya hərbi müdaxilə edəcəyi barədə qərar verdi.

Sarkozi hökumətinin müharibə qərarına ABŞ, İtaliya, Kanada, Böyük Britaniya, daha sonra Qətər və Birləşmiş Ərəb Əmirlikləri də dəstək verdi. Martın 25-də isə NATO-nun baş katibi Anders Foq Rasmussen Liviyanın hava məkanına alyansın nəzarət edəcəyini bildirdi.

Liviyalılar Qəddafi hakimiyyətinin devrilməsini və onun qətlini ölkədə insan haqlarının və xalqın qələbəsi hesab etsələr də, birmənalı olaraq söyləmək olar ki, bu "qələbə"dən liviyalılardan çox Qərb faydalanacaq.

Təbii ki, bütün ərəb ölkələrində olduğu kimi, Liviyada da Qəddafi hakimiyyəti zamanı hər şeyin ideal olduğunu söyləmək olmaz, lakin buna baxmayaraq, Liviya iqtisadi baxımdan regionun öndə gələn ölkələrindən biri idi.

Maraqlıdır, görəsən, Qərb və Liviyanın yeni qurulacaq hökuməti Qəddafi zamanında olduğu kimi xalqa heç bir ərəb ölkəsində olmayan güzəştləri edə biləcəkmi?

Belə ki, Qəddafi zamanında Liviyada işsizlərə hər ay təxminən 730 ABŞ dolları, hər yeni doğulan körpənin hesabına 7 min, yeni evlənənlərə isə dəstək olaraq təxminən 60 min ABŞ dolları verilirdi.

Bütün bunlarla yanaşı, ölkədə böyük həcmdə vergilər qadağan idi, tibb və təhsil isə demək olar ki, pulsuz idi.

Liviya müharibəsinin nəticələrini gözdən keçirdikdə ölkənin yaxın on ildə əvvəlki vəziyyətinə dönməyəcəyini söyləmək olar. Bu isə yeni hökumət qarşısında daha ciddi problemlər yaradacaq.

Yeni hökuməti gözləyən ən real təhlükələrdən biri də "inqilabçılardan" silahların yığılması problemi olacaq. İstisnasız, Qəddafi hakimiyyətinə qarşı vuruşan "xalq" asanlıqla silahları təhvil verməyəcək və böyük ehtimal ki, Liviyada bundan sonra da uzun müddət silahlı münaqişələr davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti