...

Deputatlar Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsini ölkənin xarici siyasətinin böyük uğuru sayır

Siyasət Materials 25 Oktyabr 2011 10:52 (UTC +04:00)
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi dövlətin siyasətinin böyük uğurudur. Bunu çərşənbə axşamı Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib.
Deputatlar Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsini ölkənin xarici siyasətinin böyük uğuru sayır

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi dövlətin siyasətinin böyük uğurudur. Bunu çərşənbə axşamı Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib.

"Bu uğur müəyyən mənada gözlənilməz oldu. Azərbaycanın səsvermədə ikinci tura çıxması, ikinci turda həmişə Sloveniyanı üstələməsi Azərbaycanın qazandığı beynəlxalq nüfuzun böyüklüyünü və dəstək qazanmaq üçün təşkilatçılıq işində kifayət qədər təcrübə toplamasının göstəricisidir", - Musabəyov deyib.

Millət vəkilinin fikrincə, bu üzvlük böyük siyasətə qoşulmaq deməkdir. Musabəyov burda dövlət üçün qazanc və risklərin olduğunu qeyd edərək Azərbaycanın öz vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminliyini vurğulayıb.

Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı çərşənbə axşamı Trend-ə bildirib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi dövlətin xarici siyasətinin uğurlarından biridir. "Bu dövlətimizin nüfuzunun, qüdrətinin artdığını göstərir və mövqelərimizin güclənməsinin nümunəsidir", - Qasımlı deyib. Onun sözlərinə görə, bu üzvlük ölkəmizin tərəfdarlarının sayını daha da artıracaq, Azərbaycanın ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrinin güclənməsinə kömək edəcək.

"Şübhəsiz ki, bu, Prezident İlham Əliyevin beynəlxalq məsələləri mükəmməl bildiyini, Azərbaycanın dəqiq inkişaf strategiyasının olduğunu aydın şəkildə göstərir", - Qasımlı deyib.

Onun sözlərinə görə, bundan sonra Azərbaycanın BMT-də imkanları daha da genişlənəcək.

Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirib. Bundan əvvəl baş tutan səsvermə mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplayıb.

Axırıncı mərhələdə Azərbaycan lehinə 155 ölkə səs verib, 24 ölkə bitərəf qalıb və daha 13 ölkə yenə də Sloveniyaya səs verib.

Bundan daha əvvəl keçirilən altı səsvermə mərhələsinin hər birində Azərbaycan Sloveniyadan çox səs toplamışdı, lakin seçilmək üçün tələb olunan 129 səsi yığa bilməmişdi.

Xəbər lenti

Xəbər lenti