...

Azərbaycanda narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində təqsirli bilinən 13 nəfər ifşa olunub

Siyasət Materials 26 Oktyabr 2011 14:39 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində təqsirli bilinən 13 nəfər ifşa olunub, ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.
Azərbaycanda narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində təqsirli bilinən 13 nəfər ifşa olunub

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində təqsirli bilinən 13 nəfər ifşa olunub, ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzindən çərşənbə günü Trend-ə bildirilib ki, Azərbaycan vətəndaşları - Panaliyev Bəxtiyar Xanqulu oğlu, Məmmədov Mais Kitabəli oğlu və Əzizov Namiq Əmir oğlu saxlanılıb, onların üzərindən və yaşadıqları mənzillərdən ümumilikdə 8 kiloqrama yaxın narkotik vasitə olan həşiş və heroin aşkarlanaraq götürülüb.

Müəyyən edilib ki, Bəxtiyar Panaliyev, Mais Məmmədov və Namiq Əzizov, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları qabaqcadan əlbir olaraq, satış məqsədi ilə külli miqdarda olan həmin narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.

Digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Baxşəliyev Rafəddin Nadir oğlu Bakı şəhərində saxlanılıb, keçirilmiş baxış nəticəsində onun idarə etdiyi "Mercedes" markalı avtomobildən təxminən 1 kiloqram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Məlum olub ki, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı əvvəlcədən əldə olunmuş razılığa əsasən, Rafəddin Baxşəliyevin sifariş etdiyi həmin narkotik vasitəni qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə keçirərək Cəlilabad rayonunun Kövüzbulaq kəndi yaxınlığında gizlədib və bu barədə sonuncunu məlumatlandırıb. Rafəddin Baxşəliyev Kövüzbulaq kəndinin ərazisinə gələrək burada İran vətəndaşının gizlətdiyi həmin heroini götürüb. Qeyd olunan narkotik vasitənin İrandan Azərbaycana keçirilməsi üçün əvvəlcədən əldə olunmuş razılığa əsasən Rafəddin Baxşəliyev həmin iranlıya 6 min ABŞ dolları göndərib.

Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Əməşov Eldar Ehtimad oğlu, Əməşov Elşən Ehtimad oğlu, Nəhmədov Əbülfəz Əli oğlu, Məmmədov Vüsal Həzrət oğlu və İran İslam Respublikasının vətəndaşı Qasimi İlxanlar Abdulla Böyük oğlu saxlanılıb, onlardan 4 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Məlum olub ki, Eldar və Elşən Əməşovlar, Əbülfəz Nəhmədov, Vüsal Məmmədov, Qasimi İlxanlar Abdulla və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycana gətiriblər.

Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilən Azərbaycan Respublikasının vətəndaşı Əliyev Abbas İsmayıl oğlu saxlanılıb və 2011-ci il oktyabrın 13-də Azərbaycana ekstradisiya edilib.

Milli Təhlükəsizlik Nazirliyi, Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti, Türkiyə, Ukrayna və Belarus xüsusi xidmət orqanları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində isə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində Gürcüstan Respublikasının vətəndaşları D.E.Hüseynov, E.B.Cəlilov və Rusiya Federasiyasının vətəndaşı E.İ.Piriyev saxlanılıb, keçirilmiş baxış nəticəsində onlardan 3 kiloqram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülüb. Həmin narkotik vasitələr İran İslam Respublikasından yükdaşıma şirkəti vasitəsilə qaçaq yolla Türkiyəyə, oradan Ukraynaya və daha sonra Belarusun ərazisindən tranzit keçirilməklə Rusiyanın Krasnoyarsk şəhərinə göndərilib.

Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti