...

AMİP lideri yenidən Beynəlxalq Demokrat İttifaqının sədr müavini seçilib

Siyasət Materials 11 Noyabr 2011 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir E.Mehdiyev/

AMİP lideri Etibar Məmmədov yenidən Beynəlxalq Demokrat İttifaqının sədr müavini seçilib.

AMİP-in mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, AMİP lideri Etibar Məmmədov, AMİP sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadə Beynəlxalq Demokrat İttifaqının (BDİ) noyabrın 10-11-də Böyük Britaniyada keçirilən liderlərin zirvə toplantısında iştirak etmək üçün Londonda rəsmi səfərdədirlər.

Zirvə toplantısında Avstraliyanın sabiq baş naziri Con Hovard BDİ-nin sədri, AMİP lideri Etibar Məmmədov isə yenidən sədr müavini seçiliblər.

Toplantıda quruma üzv olan partiya liderləri "Qlobal maliyyə riskləri", "Ərəb inqilabları", "Böhranlar dövründə ictimai islahatlar" və "XXI əsrdə azadlıq və demokratiyanın gücləndirilməsi" kimi vacib problemlərlə bağlı ciddi müzakirələr aparıb və bir sıra sənədlər qəbul ediblər.

AMİP 1997-ci ildən dünyanın 70-ə yaxın ölkəsinin 80-dən çox sağ-mərkəzçi partiyasını özündə birləşdirən nüfuzlu Beynəlxalq Demokrat İttifaqının üzvü, Etibar Məmmədov isə bu mötəbər qurumun 2005-ci ildən sədr müavinidir.

BDİ-yə daxil olan bir sıra partiyalar o cümlədən, Böyük Britaniyanın Konservatorlar, Fransanın Xalq Hərəkatı Birliyi, Almaniyanın Xiristian Demokrat, İtaliyanın "İrəli, İtaliya", Macarıstanın Macar Vətəndaş Birliyi, Norveçin Mühafizəkar, Kanadanın Mühafizəkarlar, Avstraliyanın Liberal, Danimarkanın Mühafizəkar Xalq Partiyası və İsveçin "Moderat" partiyaları hazırda öz ölkələrində hakimiyyətdədirlər.

Xəbər lenti

Xəbər lenti