...

Kaliforniyada keçirilən Nar Festivalında Azərbaycan təbliğ olunub

Siyasət Materials 13 Noyabr 2011 10:56 (UTC +04:00)
Kaliforniyanın Madera şəhərində ilk dəfə keçirilən Nar Festivalında Azərbaycanın stendi quraşdırılıb.

Azərbaycan, Bakı, 13 noyabr / Trend müxbir M.Əliyev/

ABŞ-ın Kaliforniya ştatının Madera şəhərində ilk dəfə keçirilən Nar Festivalında Azərbaycanın stendi quraşdırılıb.

Trend-in məlumatına görə, bu barədə bazar günü Azerbaycanın Los Ancelesdeki Baş Konsulluğundan bildirilib.

Festivalda Baş Konsulluğun dəstəyi ilə "Azərbaycan Təamları" başlığı altında quraşdırılan stenddə tədbir iştirakçılarına Azərbaycan haqqında qısa məlumatı əks etdirən vərəqələr paylanılıb, həmçinin Azərbaycanda istehsal edilmiş nar şirəsi və narşarab ilə hazırlanmış balıq təqdim edilib.

Eyni zamanda, Azərbaycandan gətirilmiş nar meyvələri də süfrəyə düzülüb.

Azərbaycan stendini ziyarət edən festival iştirakçılarına və "Madera Tribune" qəzetinin müxbirinə Azərbaycanın nar məhsulları ixrac edən ölkə kimi tanındığı, ölkəmizdə 100-dən yuxarı nar növünün becərildiyi, habelə hər il Göyçayda Nar festivalının keçirildiyi diqqətə çatdırılıb və Madera ilə Göyçay rayonu arasında oxşarlıq haqqında məlumat verilib.

Məlumatda bildirilir ki, təxminən min nəfərə yaxın insanın iştirak etdiyi festivalda Azərbaycan istehsalı olan məhsullar (nar şirəsi, narşarab və nar meyvəsi) öz dadı və keyfiyyətinə görə tədbir iştirakçılarının marağını cəlb edib.

Kaliforniyanın Madera şəhəri, özünün narı və püstəsi ilə tanınır.

Xəbər lenti

Xəbər lenti