...

Səfir: Ticarət və investisiya Böyuk Britaniya və Azərbaycanı yaxınlaşdırmaq üçün ən yaxşı yoldur

Siyasət Materials 25 Noyabr 2011 17:20 (UTC +04:00)
Britaniyanın Azərbaycandakı səfiri: Ticarət və Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Piter Beytman hesab edir ki, ticarət və investisiya ölkələri və xalqları yaxınlaşdırmaq üçün ən yaxşı yoldur.
Səfir: Ticarət və investisiya Böyuk Britaniya və Azərbaycanı yaxınlaşdırmaq üçün ən yaxşı yoldur

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Mehdiyev/

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Piter Beytman hesab edir ki, ticarət və investisiya ölkələri və xalqları yaxınlaşdırmaq üçün ən yaxşı yoldur.

"Yeni səfir kimi Britaniya və Azərbaycan arasında əlaqələrin bütün istiqamətlərinə diqqət yetirməliyəm. Lakin hesab edirəm ki, ticarət və investisiya iki ölkəni daha da yaxınlaşdırmaq üçün ən yaxşı yoldur", - bunu cümə günü Trend-ə səfir bildirib.

Beytman qeyd edib ki, onun Azərbaycandakı əsas məqsədlərindən biri Britaniya və Azərbaycan arasındakı ticarət və investisiya əlaqələrinin gücləndirilməsi, yeni Britaniya şirkətlərinin Azərbaycana gəlməsi, həmçinin Azərbaycan şirkətlərinin Britaniyadakı ticarət və investisiya imkanlarından yararlanmasına köməklik göstərməkdir.

Britaniya və Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsinə toxunan səfir qeyd edib ki, bu sahədə iki ölkə arasında çox yaxşı göstəricilər var.

"Lakin biz bununla kifayətlənə bilmərik. Biz həmişə daha yaxşı etməyə çalışırıq. Hazırda Britaniya Azərbaycanın neft və tikinti sektoruna irihəcimli investisiyalar yatırıb. Lakin mən digər sahələrdə də investisiyaların yatırılmasına tərəfdaram. Elə əsas işlərimdən biri də hansı sahələrin daha perspektivli olmasını aydınlaşdırmaqdır. Bu, təhsil, turizm və yaxud digər sahələr ola bilər", - səfir qeyd edib.

O, həmçinin bildirib ki, 2011-ci il Azərbaycanın turizm sahəsi üçün əhəmiyyətli bir ildir və bu sahədə imkanlar mövcuddur.

Piter Beytman bu ilin oktyabr ayında Azəbaycana səfir təyin edilib. O, bu vəzifədə Karolin Brounu əvəz edir.

Xəbər lenti

Xəbər lenti