...

Elçin Quliyev: Xaricdə münaqişə zonalarında silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 şəxs müəyyən edilib

Siyasət Materials 16 Dekabr 2011 12:23 (UTC +04:00)
Bu il dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən 1 əcnəbi şəxs müəyyən olunub.
Elçin Quliyev: Xaricdə münaqişə zonalarında silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 şəxs müəyyən edilib

Azərbaycan, Bakı, 15 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Bu il dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi sayəsində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq məqsədi ilə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən 1 əcnəbi şəxs müəyyən olunub. Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətində (DSX) 2011-ci ilin yekunlarına həsr olunmuş xidməti hesabat müşavirəsində qurumun rəisi, general-leytenant Elçin Quliyev bildirib.

Onun sözlərinə görə, hesabat dövründə terrorçuluğa qarşı mübarizə tədbirləri çərçivəsində xaricdə münaqişə zonalarında silahlı qruplaşmaların tərkibində döyüşmüş 15 şəxs müəyyən edilib, qanunsuz miqrasiya ilə məşğul olan 4 qrup, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Xidmət rəisi deyib ki, 2011-ci ildə dövlət sərhədini pozduğuna görə 850 nəfər, sərhəd rejim qaydalarını pozduğuna görə 9 641 nəfər saxlanılıb.

Tutulan sərhəd pozucularının 29,2 faizi Azərbaycandan digər ölkələrə keçərkən, 70,8 faizi digər ölkələrdən Azərbaycana gələrkən saxlanılıb. Sərhəd pozucularının 30,5 faizi Azərbaycan-Rusiya, 11,6 faizi Azərbaycan-İran, 6,1 faizi Azərbaycan-Gürcüstan, 0,2 faizi Azərbaycan-Türkiyə, 1,8 faizi dəniz sərhədlərində, 49,8 faizi hava limanlarında saxlanılıb.

2011-ci ildə tutulan sərhəd pozucularının sayı ötən illə müqayisədə 2,2 dəfə artıb. İl ərzində 671 nəfər saxta, 19 nəfər özgəsinə məxsus sənədlə, 17 nəfər gizli şəkildən keçməyə cəhd edərkən saxlanılıb. 2010-cu illə müqayisədə saxta sənədlə saxlanılanların sayı 3,7 dəfə artıb.

Axtarışda olan 1307 nəfər tutulub, 434 nəfərin ölkədən çıxışı qadağan olunduğu üçün Azərbaycandan çıxmasına icazə verilməyib. 251 nəfərin ölkəyə girişi qadağan olunduğu üçün Azərbaycana buraxılmayıb. 57 nəfərin pasportu etibarsız olduğu üçün alınıb.

2011-də 715 halda təqribi məbləği 2 milyon 547,8 min manat dəyərində qaçaqmal tutulub.137 kiloqramdan çox narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısı alınıb.

Sərhəd sularında rejimə nəzarət məqsədilə Azərbaycana məxsus 26, Rusiyaya məxsus 7, İrana məxsus 3, Türkiyəyə məxsus 2 gəmiyə, Azərbaycana məxsus 236 kiçik həcmli motorlu qayığa baxış keçirilib.

Rusiyaya məxsus 2 gəmi, Azərbaycana məxsus 9 gəmi və 94 qayıq sərhəd rejim qaydalarını pozduğuna görə barələrində tədbir görülüb. Dənizdə qurulmuş qanunsuz balıq ovlama vasitələri, 285 668 metr tor və 156 382 ədəd qarmaq yığılıb.

Xəbər lenti

Xəbər lenti