...

İsmayıl Ağakişiyev: Bu gün Azərbaycanda İrəvan qalasının tarixinin araşdırılması ilk növbədə ermənilərin özünə xeyirdir

Siyasət Materials 23 Dekabr 2011 16:07 (UTC +04:00)
Bu gün Azərbaycanda İrəvan qalasının tarixinin araşdırılması birinci növbədə erməni xalqının özünə xeyirdir.
İsmayıl Ağakişiyev: Bu gün Azərbaycanda İrəvan qalasının tarixinin araşdırılması ilk növbədə ermənilərin özünə xeyirdir

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/

Bu gün Azərbaycanda İrəvan qalasının tarixinin araşdırılması birinci növbədə erməni xalqının özünə xeyirdir. Çünki bu gün İrəvan şəhərində erməni xalqı yaşayır və mən erməni xalqını erməni millətçilərdən ayırıram. Trend-in məlumatına görə, bunu cümə günü İrəvan qalasının 500 illiyinə həsr olunmuş www.erevangala500.com tarixi-analitik portalının Bakıda keçirilən təqdimat mərasimində çıxışı zamanı Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev deyib.

Ağakişiyevin sözlərinə görə, çox əfsuslar olsun ki, bu gün Azərbaycanda da tarix adına elə şeylər yazılır ki, onu Abşerondan o yana keçirtmək mümkün deyil və buna görə enerji itirməyə dəyməz.

"Bu gün erməni faşizmini erməni xalqından ayırıram, necə ki, alman faşizmini alman xalqından ayırıram. Biz Höteyə deyə bilmərik ki, o faşistdir, amma Hitlerə faşist deyirik", - Ağakişiyev bildirib.

Onun sözlərinə görə, milli hisslər yəqin ki, hər bir azərbaycanlıya, insana məxsusdur.

"Azərbaycanlılar həmişə milli hisslərini daşımaqla bərabər, başqa millətlərə də özlərindən daha yaxın yaxınlaşa biliblər. Akademik Lixaçyov demişkən, "qatı millətçilik millətin gücü deyil, millətin zəifliyidir". Mən bu gün bu tədbirin keçirilməsinə sevinirəm. Axır vaxtlar çox eşidirsən ki, "tarix elm deyil, tarixə nə desən yazmaq mümkündür, hansı yalanı desən, onu yazmaq mümkündür". Bunu deyən adamlara üzümü tutub deyirəm ki, yalandan məqalə yazmaq olar, kitab yazmaq olar, kitablar da yazmaq olar, amma bunların heç biri tarix elminə aid deyil, çünki istəsək də, istəməsək də tarix bizdən asılı olmayaraq, bizim şüurumuzdan, emosiyamızdan, qüvvəmizdən, marağımızdan asılı olmayaraq, faktlar əsasında qurulur və bu faktlar obyektiv faktlardır", - Mərkəzin rəhbəri çıxışında deyib.

Ağakişiyev bildirib ki, yalan yazılan məqalələr tarix elmində falsifikasiyalar adlandırılır.

"Bu gün mən üzümü publisistlərə tutub deyirəm - belə şeyləri yazmasınlar və bilsinlər ki, tarix elmi başqa elmlərdən fərqlənərək böyük enerji, iş tələb edir. O faktlartın əsasında mozaika yox, elmi əsasla elmi əsər yazmaq lazımdır. Bunu hər adam edə bilmir. Mən Moskva Dövlət Universitetində oxuyarkən tez-tez azərbaycanlı tələbələr yığılırdılar və biz bilirdik ki, elmi işi müdafiə etmək tarixçi, professor Fəridə Məmmədovanı nə qədər əziyyətlərə, maneələri keçməyə məcbur etdi. Əfsuslar olsun ki, bu gün də həmin maneələr var və həmin maneələr çox böyükdür. Bu gün mən nəyə görə bura gəlmişəm - çünki bu gün tam, böyük bir iş görülüb. Riyaziyyat dili ilə desək 2 dəfə 2 4 edir, çünki biz saytı da, şəkli də görürük", - o deyib.

Onun sözlərinə görə, bu gün Moskva şəhərində çox böyük, gözəl binalar tikilir, amma onların heç biri Vasili Blajennı məbədini əvəz edə bilməz.

"Bu gün Vasili Blajennı məbədinin yerində əzəmətli bina tikmək olar və nə qədər pul da xərcləsələr, Vasili Blajennı məbədini əvəz edə bilməz, çünki bu, mənəvi bir dəyərdir. Bu gün Bakını Bakı edən təkcə tikilən məscidlər deyil, Bakını Bakı edən sinaqoq, kilsələrdir, bunlar bizim sərvətimizdir, biz eyni qaydada bunlara yaxınlaşırıq. Və bu gün İrəvan qalasını partladanlar erməni xalqının da sərvətini məhv ediblər. Bu, bir daha göstərir ki, ermənilərdən başqa millətlər də İrəvanda yaşayıblar. Və bu millətlərin arasında münasibətlər olub. Tarix təkcə 1905, 1918, 1988-ci illərdən ibarət deyil. Tarix bu gün də deyil, bundan sonra da proseslər olacaq. Gəlin, erməni millətçiliyi səviyyəsinə düşməyək. Görülən iş çox böyükdür - bu, gələcək ümumbəşəri layihənin bünövrəsidir. Və mən çox istərdim ki, bütün peşəkar tarixçilər əllərindən gələni etsinlər ki, bu tarixi faktları geniş kütlələr bilsin", - Ağakişiyev bildirib.

Xəbər lenti

Xəbər lenti