...

Araz Əzimov: Qondarma "erməni soyqırımı"na dair qanunun qəbulu Fransanın beynəlxalq imicinə zərbə vuracaq

Siyasət Materials 27 Dekabr 2011 11:32 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazirinin müavini hesab edir ki, Fransa Milli Assambleyasında qondarma "erməni soyqırımı"na dair qanunun qəbulu bu ölkənin beynəlxalq aləmdəki imicinə ciddi zərbə vuracaq.
Araz Əzimov: Qondarma "erməni soyqırımı"na dair qanunun qəbulu Fransanın beynəlxalq imicinə zərbə vuracaq

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın xarici işlər nazirinin müavini hesab edir ki, Fransa Milli Assambleyasında qondarma "erməni soyqırımı"na dair qanunun qəbulu bu ölkənin beynəlxalq aləmdəki imicinə ciddi zərbə vuracaq. Trend-in məlumatına görə, bu barədə XİN rəhbərinin müavini Araz Əzimov Türkiyənin "Today's Zaman" qəzetinə müsahibəsində deyib.

Əzimov Fransa parlamentindəki səsvermədən naratlığını bildirərək bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədri olduğu halda bu cür qərar qəbul etməsini çox qəribə hal kimi dəyərləndirib.

Qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun Fransa parlamentinin aşağı palatasında səsverməyə çıxarılmasına münasibət bildirən Əzimov qanunun ermənilər tərəfindən ortaya atılan "saxta tarixə" əsaslandığını bildirib.

Nazir müavini Azərbaycanın Fransa parlamentinin çıxardığı qərardan çox məyus olduğunu bəyan edib. Əzimov bir daha təsdiq edib ki, digər məsələlərdə olduğu kimi, qondarma "erməni soyqırımı" məsələsində də Azərbaycan Türkiyə ilə eyni mövqedədir.

Ötən həftə Fransa parlamenti qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Yeni qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti