Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Əliyev/
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 2012-ci ildə həyata keçirəcəyi layihələr çərşənbə günü müzakirə olunub.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov qeyd edib ki, Azərbaycan 2012-ci ilə böyük ümidlərlə qədəm qoyub.
"2011-ci ildə əldə etdiyimiz uğurlar, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləri 2012-ci ildə də davam etdiriləcək. Biz inanırıq ki, bu il də daha böyük uğurlar əldə olunacaq. Beynəlxalq aləmdə Azərbaycanın mövqeləri daha da möhkəmlənəcək", - Əhmədov deyib.
Əhmədov deyib ki, 2011-ci il Yeni Azərbaycan Partiyasının gəncləri bir çox maraqlı layihələr həyata keçiriblər.
"Bu layihələrin həyata keçirilməsi partiyanın ölkənin ictimai-siyasi həyatında mövqeyini daha da möhkəmləndirib. Azərbaycanın ictimai-siyasi proseslərinin istiqamətləndirilməsində Yeni Azərbaycan Partiyasının rolu daha da artıb", - o deyib.